Prezident İlham Əliyev Federika Moqerini ilə görüşüb- YENİLƏNİB

14:46 - 6 Fevral 2017 - Xəbər

Azərbaycan prezidenti İlham Əliyev Brüsseldə Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Federika Moqerini ilə işçi səhər yeməyi edib.
APA-nın məlumatına görə, Azərbaycana səfərini məmnunluqla xatırlayanF. Moqerini əməkdaşlığımızın daha da möhkəmləndirilməsi, əlaqələrimizin bundan sonra da genişləndirilməsi baxımından Azərbaycan prezidenti İlham Əliyevin Brüsselə səfərinin əhəmiyyətini qeyd edib, Avropa İttifaqında Azərbaycan prezidentinin keçirdiyi görüşlərin əməkdaşlığımızın perspektivlərinin müzakirəsi baxımından önəmli olduğunu bildirib.
Azərbaycan ilə əməkdaşlığın Avropa İttifaqı üçün böyük önəm daşıdığını vurğulayan F. Moqerini “Cənub Qaz Dəhlizi” layihəsinin Avropa İttifaqı üçün böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. O, bu layihənin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında və qaz təchizatının şaxələndirilməsində mühüm rolunu qeyd edib və Avropa İttifaqının bu layihənin reallaşmasına bundan sonra da dəstək verəcəyini deyib.
Prezident İlham Əliyev Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasını vitse-prezidenti Federika Moqerininin ölkəmizə səfərindən ötən dövr ərzində əlaqələrimizin daha da inkişaf etdiyini bildirib. Avropa İttifaqı ilə əməkdaşlığımızın genişləndirilməsinin həm Azərbaycan, həm də region üçün yaxşı mesaj olduğunu deyən dövlət başçısı Avropa İttifaqının Azərbaycan üçün etibarlı dost və tərəfdaş olduğunu söyləyib. Qeyd olunub ki, Azərbaycan ilə Avropa İttifaqı arasında qarşılıqlı etimad yüksək səviyyədədir.
Söhbət zamanı Azərbaycan-Avropa İttifaqı əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olundu, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının perspektivləri, energetika, nəqliyyat, təhlükəsizlik, regional və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


11:46

Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 6-da Brüsseldə Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Federika Moqerini ilə görüşü olub.


Xəbər xətti