Daha 78 dövlət əmlakı özəlləşdirməyə çıxarılıb - Azərbaycanda

10:53 - 6 Fevral 2017 - İQTİSADİYYAT

Martın 7-də Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçirəcək. Bu barədə Komitədən bildirilib. Məlumata görə, hərraca 78 dövlət əmlakı çıxarılıb. Bunlardan 17-si kiçik dövlət müəssisəsi, 21-i səhmdar cəmiyyət, 36-sı istifadəsiz qeyri-yaşayış sahəsi, 4-ü isə ləğv edilmiş “Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyinin regionlardakı əmlakları - “Hacıqabul sahəsinin əmlak kompleksi”, “Lerik xalça sexinin əmlak kompleksi” və digərləridir. Özəlləşdirməyə çıxarılan səhmdar cəmiyyətlər əsasən tikinti, sənaye, nəqliyyat, inşaat sahələrinə aiddir. Paytaxt və regionlarda yerləşən belə iri müəssisələr sırasına “Salyan Kəndkimya”, “Sabirabad Mexanikləşdirmə”, “Xəzər Avtonəqliyyat” kimi müəssisələr daxildir. Hərraca çıxarılan kiçik dövlət müəssisə və obyektləri paytaxtın Nizami, Nəsimi, Səbail və Xəzər rayonlarında, regionlarda isə Şəki və Göygöl rayonlarında yerləşir. Kiçik dövlət müəssisələrindən ən yüksək qiymətə təklif olunanı Nizami rayonunda yerləşən təsərrüfat hesablı təmir tikinti sahəsidir. Hərraca çıxarılan əmlaklarla daha yaxından tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək lazımdır:

http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=1360

Xəbər xətti