Azərbaycan musiqi sənətində çox böyük muğam ifaçıları olub. Yüz illərlə yol gələn musiqi sənətində bu sənətkarlar muğamı ayaqda saxlayıb, yaşadıblar. Adlarını çəkməyə ehtiyac olmadığını düşünərək, təkcə onu demək istərdik ki, ötən illərin musiqi dünyasından bu günə boylanan ifaçıların hazırkı davamçıları da muğamın incəliklərini, ruhunu çox gözəl duyaraq dinləyiciyə ötürməyə çalışırlar.
Dünənlə bu günün arasında körpü qurmağa çalışan gənc ifaçılar, muğam ustaları Azərbaycanda yetərincədir. Onlardan biri də Aytən Məhərrəmovadı. Gözəldi, yaraşıqlıdı! Və ən əsası qaynar, büllur bir SƏS sahibidi. Ustad sənətkarlarımızın oxuduqlarını yenidən ifa etməklə bərabər, orta yaşlı nəslin sevgisini qazanan, gənc nəsillərə milli musiqimizi, muğamımızı, sevdirən şəxsi ifaçı adlandırmaq məncə, ədalətsizlikdi. Aytən xanım bu parametrləri özündə daşısa da elə-belə ifaçı deyil. O, sənətkar-xanəndədi. Xüsusilə də çox ustalıqla və məharətlə ifa etdiyi "Anama deyin", "Şirin yuxun olaydım", "Heyfim gəldi", "Heyratı" və başqa ifalarında öz sirli səsinin möhürünü yaşatmağı bacarıb. Aytən xanımın öz yolu, öz üslubu, öz yanaşması var. Səsindəki həzinliyə qarışan məhrəmanə bir duyğu var ki, bu da öz-özünə yaranan deyil. Hardasa qaynayan saf bulağın, təmiz və şəffaf çeşmənin gözündə "ilişib qalan" inci - SƏS Aytən Məhərrəmovada boy göstərib. Bu SƏSin mənbəyi hardan qaynaqlanır? İlk olaraq verdiyim suala xanəndə belə cavab verdi:
- Aytən xanım, adətən möhtəşəm səs genetik olaraq qanla keçir. Musiqiçi ailəsində doğulmadan musiqiyə bu qədər bağlılıq necə ola bilər?
- Doğru, ailəmizdə, nəslimizdə ifaçı olmayıb. Amma gözümü açandan musiqini sevmiş, vurğunu olmuşam. Uşaqlıqdan fortepiano çalmağa həvəsim olub. Bir müddət musiqi həvəsimi boğmağa da çalışdılar. Bunun ötəri həvəs olduğunu düşünürdülər. Fortepianonu özüm öyrənməyə çalışırdım. Beşinci sinfdə oxuyanda atam məni musiqi məktəbinə yazdırdı. 36 saylı musiqi məktəbinin direktoru Məlik müəllim səsimi dinlədikdən sonra atama təklif etdi ki, Aytənin çox yaxşı səsi var, gələcəkdə gözəl xanəndə ola bilər. Atam da bu məsləhəti qəbul edib məni xanəndəlik sinfinə yazdırdı. Daha sonra Bülbül adına Orta İxtisas Musiqi Məktəbində oxudum. Asəf Zeynallı adına musiqi texnikumunda dəyərli ustadım, xalq artisti Mənsum İbrahimovun tələbəsi oldum. O gün, bu gün Mənsum müəllimin dəstəyini öz üzərimdə hiss edirəm. O tələbələrinə müəllim, ustad kimi yox, mənəvi ata kimi qayğı göstərir. Hər bir əziyyət çəkən, çalışan, zəhmətkeş tələbə üçün Mənsum müəllim əlindən gələn köməyi əsirgəmir. Onun üçün tələbənin onun sinfində dərs almasının əhəmiyyəti yoxdu, təki istedadı olsun. Mənim sənət yolunda eləcə də həyatda ən böyük uğurum Mənsum müəllim kimi gözəl insanla rastlaşmağımdı.
- Toylarımızda muğam oxunmasına münasibət necədi? Bu mənəvi sərvətimiz toylarımıza daxil ola bilibmi?
- Hər xanəndənin toya fərqli yanaşması var. İndi tamaşaçılarımız muğam haqqında xeyli məlumatlıdılar. Biz elə təhsil almışıq ki, toya da gedəndə klassik muğam ifa edirik. Əvvəllər bəziləri muğam adı ilə fərqli musiqilər ifa edirdilər. Lakin indi televiziyada yayımlanan Muğam müsabiqəsi ictimaiyyəti məlumatlandırdı. Daha heç kim tamaşaçını aldada bilmir. Hansı el şənliyində klassik muğam ifa olunursa, o muğam dinlənilir. Əgər ifaçı peşəkar xanəndədisə, istənilən toplumu özünə cəlb edəcək. Məlumdur ki, son illər muğamımıza yüksək səviyyədə dövlət dəstəyi var. Buna görə Heydər Əliyev Fonduna, onun prezidenti Mehriban xanıma dərin təşəkkürümü bildirirəm. Azərbaycanın birinci xanımının sayəsindəmuğam bir daha həyata vəsiqə aldı, beynəlxalq musiqi arenasında öz layiqli yerini tutdu. Hər il televiziyada muğam müsabiqəsinin canlı yayımla efirə getməsi, ustadların seçimi ilə yeni ifaçıları sənətə cəlb eləmək muğamımızın inkişafı üçün böyük dəstəkdi.
- Gənclərimizin musiqi tariximizə, muğamımızın tarixinə münasibəti necədi?
- Mən özüm "Azərbaycan xalq musiqisi ifaçılığı tarixi" fənnini tədris edirəm. Musiqi məktəblərində gənclərə hər hansı bir muğamın, təsnifin ifaçıları haqqında, tarixi haqqında dərslər keçirilir. Məsələn, bu gün musiqi məktəbində təhsil alan gəncin Cabbar Qaryağdıoğlunun, Seyid Şuşinskinin kim olduğunu, hansı musiqiləri, muğamları, təsnifləri ifa etdiyini bilməməyə haqqı yoxdu. Çünki orada çalışan pedaqoqlar, mütəxəssislər tərəfindən uşaqlara bu tarix öyrədilir. İstər çalışdığım Şuşa Musiqi Kollecində, istərsə də Müslüm Maqomayev adına 26 saylı musiqi məktəbində bu fənnlər tədris olunur.
- Aytən Məhərrəmova bu gün tamaşaçılarından, dinləyicilərindən razıdırmı?
- Tamaşaçılarımın mənə olan münasibətindən çox razıyam. Onlardan hər zaman müsbət enerji alıram və sevildiyimi hiss edirəm. Həyatda da, efirdə də hər zaman olduğum kimiyəm. Dəyişib ikiləşməyi bacarmıram. Başqa cür görünməyə heç vaxt çalışmamışam. Əslində efirlərə tez-tez çıxmağın tərəfdarı deyiləm. Ona görə də dəvət olunan hər efirə çıxmağı düzgün hesab etmirəm. Bu məsələdə çox seçiciyəm. Bəlkə də buna görə mən öz tamaşaçılarmı qoruya bilirəm.
- Bu yaxınlarda Özbəkistana səfər etdiyinizi eşitdik. Səfərinizin məqsədi nə idi?
- Heydər Əliyev Mərkəzinin dəstəyi ilə Özbəkistanda muğam albomu çıxmalıdı. Burada həm gənc xanəndələrin, həm də ustad xanəndələrimizin ifalarının yer alacağı gözlənilir. Bu ideya hələ natamamdı. Amma ümid edirik ki, həyata keçəcək.
- Aytən xanım, bildiyimiz kimi, növbəti muğam müsabiqəsi keçiriləcək. Tələbələrinizdən bu dəfəki müsabiqədə iştirak edənlər olacaq?
- Hazırlaşan, müsabiqədə iştirak edəcək tələbələrim var. Mən də seçimləri gözləyirəm. Birincilik əldə edə bilməsələr də əsas odur ki, müsabiqənin gedişatı ilə tanış olub, təcrübə qazanacaqlar. O cür ustadların qarşısında ifa eləmək asan iş deyil.
- Leylinin anası nə zamansa Leylinin özünü oynamaq istəyibmi?
- Əslində mənim elə bir kompleksim yoxdu ki, mütləq Leylini oynamalıyam. Gənclər arasında Leylini görünüş olaraq göstərə biləcək gözəl səsli xanəndələrimiz var. Arzu Əliyeva gənc xanəndələr arasında mənə Leyli obrazını sevdirən yeganə insandı. Arzunun ifasını görəndə özüm həvəslənirəm ki, Leyli obrazını canlandırım. Xarici görünüşüm üzərində çalışıram. İnşallah uyğun bir zamanda mən də Leylini ifa edərəm. Yeri gəlmişkən, bir sirr açım: Arzu Əliyeva ilə birgə (O Leylini, mən isə anasını oynayanda) səhnədəcə ağlamışıq. O qədər obraza qapılırıq ki... Bu o deməkdir ki, biz obrazı bir - birimizə ötürə bilirik. Bu gün səhnəmizdə "Leyli və Məcnun"- un çox gözəl ifaçıları var. Mənim heç vaxt Leyli obrazını canlandırmaq kimi böyük arzum olmayıb. Amma indi artıq o arzu cücərib. Bunun da səbəbkarı Arzu Əliyevadı.
- İfa eləmək istədiyiniz şah əsər hansıdı?
- Oxumaq istədiyim bütün əsərləri ifa etmişəm. Bəzən elə olur ki, hansısa əsəri oxumaq istəyirəm. Amma zamanın yetişmədiyini hiss edirəm. İllər keçsə də, tələsmirəm. Şüuraltı həmişə yadımda saxlayıram. Özümü tam hazır hiss edəndə ifa edirəm. "Anama deyin", "Heyfim gəldi" bu cür ifalarımdandı. Sonda özümü hazır hiss elədim və ifa etdim. Düşünürəm ki, tələsməyəndə gözəl ifa, keyfiyyətli iş alınır.
- Xanəndəni peşəkar musiqiçilərin müşaiyət etməsi hər hansı bir əsərin uğurlu olacağından xəbər verir. Ədalət Behbudov və Pərviz Fərhadovun istedadlı musiqiçi kimi sənətkarlar tərəfindən qəbul edildikləri hər kəsə bəllidi. Bu üçlüyün "Aypara" sı necə yarandı?
- Mənsum İbrahimovun hər il həyata keçirdiyi "Gəncləşən muğam" adlı layihəsi var. 2009 - cu ildə bu layihə üzərində çalışarkən Pərviz Fərhadov və Ədalət Behbudovla birgə çıxış etdim. Əslində biz əvvəldən dost idik. Hər üçümüz eyni vaxtda Milli Konservatoriyada təhsil almışıq. Həm dostluğumuz, həm sənət baxımından bir- birimizi anlamağımız və bunun nəticəsində yaranan uğurlarımız "Aypara" qrupunun yaranmasına səbəb oldu. Birlikdə xeyli uğurumuz olub. 2011- ci ildə Muğam müsabiqəsinin qalibi oldum Dörd il sonra Beynəlxalq Muğam Müsabiqəsində birincilik əldə etdim.
- Uğurlu imic dəyişikliyinizin sənətinizə təsiri olacaqmı?
Muğam ifaçısı olsam da repertuarımda retro mahnılar da var. Hər zaman bəstəkar mahnılarına müraciət etmişəm. Ayaqüstü ifalardan çəkinmişəm. İmicimdə dəyişiklik olunandan sonra televiziya tamaşaçıları ayaqüstə ifalarımı da görə biləcəklər.
- Müasir dövrdə gənclərin hamısında internetdən asılılıq yaranıb. Sizdə bu "xəstəlik" necədi?
- Hamı internetin çox vaxt aparmağından şikayət edir. Düşünürəm ki, işinə məsuliyyətli olan şəxs heç vaxt ondan asılı ola bilməz. Hər kəs kimi mən də səhər, axşam saatlarında olub - bitənlərdən xəbərdar olmaq üçün informasiya agentliklərini izləyirəm. Vaxtım olanda sosial şəbəkələrdəki hesablarımı idarə edirəm. Bütün sosial şəbəkələrdəki səhifələrimi özüm idarə edirəm.
-Son vaxtlar geyimlərinizdə fərqlilik hiss edirik. Modelyeriniz sizi qara rəngdən uzaqlaşdırmağa çalışır, deyəsən.
- Geyimlərimlə Sevil xanım məşğul olur. Çox zövqlü xanımdı. Təcrübəli, çox gözəl əl qabiliyyəti olan, daim axtarışlar edən, sənətini sevən və ən əsası bu gözəl sənətindən zövq alan bir xanımdı. Parçaların rəngini, formasını onunla birgə qərarlaşdırırıq. Düşünürəm ki, brend geyimləri brendə çevirən insan özüdü. Mənim üzərimdə normal, ucuz qiymətə satılan libas da görə bilərsiniz. Əgər o geyim mənə yaraşırsa, demək mənim üçün brenddi. Yaxud da əksinə, hansısa brenddən olan paltar mənə yaraşmaya bilər, hətta onun brend olduğu hiss oluna bilməz. Çox zaman brend firmalardan olan geyimlərdən qaçıram. Sadəliyə üstünlük verirəm.
-Tamaşaçılarınız solo konsert xəbərinizi nə zaman eşidəcəklər?
- Konsertlə bağlı suallar çox verilir. Repertuar baxımından konsertə çoxdan hazırıq. Sadəcə maddi və təşkilati problemlərdən təəssüf ki, konsert alınmır. Konsertin uğurlu olması üçün yüksək səviyyədə dekorasiya, reklam işləri tələb olunur. Konsertlərimiz demək olar ki, qastrolar səfərlərində olur. Edəcəyim bütün işlərin yaxşı olmasına əmin olduqdan sonra üzə çıxarmağın tərəfdarıyam. Bu, yalnız konsertlə bağlı deyil, mahnı seçimimə, ifalarıma da prinsipial yanaşıram.
- Hazırda hansı əsərlər üzərində işləyirsiniz?
- Beş retro mahnını yeni aranjimanda təqdim etməyi düşünürəm. Bundan başqa Arzu Əliyeva ilə iki duet oxumağı planlaşdırmışıq. Biri demək olar ki, hazırdı. Böyük sənətkarımız Zeynəb Xanlarovanın repertuarındandı. Tahir Əkbərin "Gərəksən mənə" mahnısını yaxın zamanlarda duet şəklində ifa edəcəyik.