Çin klubları “Barselona”nın yarımmüdafiəçisi Arda Turandan əl çəkmirlər. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, çinlilər təcrübəli futbolçuya növbəti dəfə təklif göndəriblər. Belə ki, “Quançjou Everqrand” klubu 30 yaşlı oyunçuya 4 illik müqavilə və 100 milyon avro pul təklif edib. Türkiyə millisinin kapitanının meneceri gələn həftə Çinə gedərək, klub rəsmiləri ilə bu məsələni müzakirə edəcək.
“Barselona”nın 2015-ci ildə “Atletiko”dan 41 milyon avroya transfer etdiyi ulduz futbolçunun illik məvacibi 8 milyon avrodu. Bu keçid reallaşarsa, Ardanın yeni komandasında illik qazancı 25 milyon avro olacaq. Ancaq “Barselona” ilə müqavilədə yer alan bəndə görə, oyunçu 125 milyon avro müqabilində sərbəst qala bilər. “Quançjou Everqrand” rəhbərliyi də bu rəqəmi aşağı salmaq üçün ispanlarla danışıqlar aparır. Çinlilər qarşı tərəfin tələbi ilə razılaşsalar, Arda dünyanın ən bahalı transferi kimi tarixə düşəcək.
Qeyd edək ki, Çində “transfer pəncərəsi” martın 1-də bağlanacaq.