Ağcabədi rayonundan Bakıya satış məqsədi ilə gətirilən, mənşəyi məlum olmayan qida üçün yararsız heyvan cəmdəklərinin zərərsizləşdirilməsinə qərar verilib. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat xidmətindən verilən məlumata görə, Respublika Baytarlıq Laboratoriyasında aparılan bakterioloji müayinələrin nəticəsinə əsasən hər 4 heyvan cəmdəyindən götürülən ət nümunələrində bakterioloji çirklənmə (BÇQB, s.aureus, s.typfimurium) aşkar edilib. Biokimyəvi müayinələrin nəticəsinə əsasən isə hər 4 heyvanın aqoniya vəziyyətində kəsilməsi və ya ölmüş heyvanların ətinin (leş əti) olması, bütün nümunələrin qida üçün, baytarlıq-sanitariya cəhətdən tamam yararsız olması müəyyən edilib.
Respublika Baytarlıq Laboratoriyasının müvafiq ekspertizasının nəticəsi nəzərə alınaraq Ağcabədi rayonunun Xocavənd kənd sakinin Niyazov Sultan Niyaz oğluna məxsus "Mercedes" markalı 04-BL-161 dövlət nömrə nişanlı minik avtomobilində aşkarlanan heyvan cəmdəklərinin zərərsizləşdirilməsinə qərar verilərək müvafiq tədbirlər görüləcək.