Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələri ilə bağlı saxlanılan 3-cü qrup - “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın üzvü Zülfüqar Mikayılov, Elman Ağayev, Faiq Allahverdiyev, Əli Hüseynov, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyadov, Elxan Həsənov, Ramil Seyfullayev, Mübariz İbrahimov, Ruzi İsmayılov və Cabir Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
"Report"un xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən E.Həsənovun vəkili Ramiz Məmmədov çıxış edib.
O, müdafiə etdiyi şəxsin evində qanunsuz axtarış aparıldığını bildirib: "Buna görə həmin axtarış protokolunun sübutlar siyahısından çıxarılmasını istəyirik. Lənkəranın Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov müvəkkikim haqqında verilən mənfi xasiyyətnaməyə imza atıb. İcra başçısının məhkəmədə şahid qismində ifadə verməsini tələb edirik".
Digər təqsirləndirilən E.Ağayevin vəkili Akif Əliyev də vəsatət qaldırıb. Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin həbs olunduqdan sonra işgəncəyə məruz qaldığını vurğulayıb: "Müvəkkilimin evində aparılan axtarışla bağlı tərtib olunan protokolda adı keçən hal şahidləri başqa cinayət işlərində də hal şahidi kimi iştirak ediblər. Bundan başqa, Elman Ağayevin cinayət təqibinə xitam verilməsini istəyirik".
Təqsirləndirilən Z.Mikayılovun vəkili Rüstəm Zülfüqarov isə onun barəsində olan cinayət təqibinə xitam verilməsini tələb edib.
Daha sonra prokuror vəsatətə münasibət bildirib. Dövlət ittihamçısı vəsatətlərin təmin edilməməsini xahiş edib.
Vəsatətə növbəti məhkəmə iclasında baxılacaq.
Məhkəmənin növbəti prosesi fevralın 6-na təyin edilib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) 2015-ci il noyabrın 26-da Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın sədri Taleh Bağırov başda olmaqla, daha bir neçə üzvü saxlanılaraq istintaqa təqdim edilib. Həmin şəxslər barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib, sonradan həbs qətimkan tədbirinin müddəti artırılıb.
Nardaran hadisələri ilə bağlı həbs edilən 1-ci qrup - “Müsəlman Birliyi” təşkilatın sədri Taleh Bağırov və Abbas Hüseynov 20 il, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı 10 il, Cabbar Cabarov 19 il, Rasim Cəbrayılov 17 il, Ramin Yarıyev 10 il, Zakir Mustafayev, Cahad Babakişizadə, Aqil Quliyev, Abbas Quliyev, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Quliyev, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev və Abbas Tağıyevin hər biri 14 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Hazırda isə ikinci qrupun - “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın sədr müavini Elçin Qasımov, Nardaran hadisələri ilə bağlı saxlanılan Nahid Qəhrəmanov, Ağa-Əli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilir. İşə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mayıl Bayramovun sədrliyi ilə baxılır.