Hakim Yeni Azərbaycan Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib. YAP-ın mətbuat xidmətindən verilən məlumata görə, iclasda partiyanın YAP İdarə Heyətinin 2016-cı ilə dair illik hesabatı, YAP-ın tərkibi, Gənclər Birliyinin və Qadınlar Şurası tərkibi haqqında 2016-cı ilə dair illik statistik hesabat, partiyanın 2016-cı il üzrə maliyyə hesabatı və İdarə Heyətinin 2017-ci ilin birinci yarımilliyinə dair iş planı müzakirə olunaraq qəbul edilib. Baş nazirinin müavini, YAP sədrinin müavini – icra katibi Əli Əhmədov iclasın gündəliyinə daxil olan məsələlər barədə çıxış edərək, qeyd edib ki, 2016-cı ildə Azərbaycanın iqtisadi və sosial həyatında inkişaf davam etdirilib: "Ötən ilin başlıca siyasi hadisəsi Azərbyacan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçirilən ümumxalq səsverməsi (referendum) oldu. Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə yaradılan “Yeni Azərbaycan” təşviqat qrupu referendumun təbliğat-təşviqat kampaniyasında yaxından və fəal iştirak etmiş, qanunvericiliyin tələbləri çərçivəsində üzərinə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirmişdir. 26 sentyabrda keçirilən referendumda Azərbaycan vətəndaşları böyük seçici fəallığı nümayiş etdirmiş, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dərindən dəstəklədiklərini ifadə etmişlər. Bu, Azərbaycan xalqının növbəti dəfə Prezident İlham Əliyevə yüksək etimadının parlaq nümunəsi oldu.
O vurğulayıb ki, seçki təşviqat kampaniyasında partiyanın sədri, Prezident İlham Əliyevin Azərbaycanın tərəqqisi, inkişafı, xalqın rifahının yüksəldilməsi, ölkənin beynəlxalq mövqelərinin möhkəmlənməsi və digər sahələrdə gördüyü işlər əsas yer tutmuşdur.
Hesabat ilində YAP bir sıra mühüm tədbirlər həyata keçirmiş, ölkənin ictimai-siyasi həyatında yaxından və fəal iştirakını davam etdirmişdir.
Hesabat dövründə Yeni Azərbaycan Partiyası beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində səylərini uğurla davam etdirmişdir. Xüsusilə müxtəlif ölkələrin aparıcı partiyaları və demokratik təsisatları ilə Yeni Azərbaycan Partiyası arasında işgüzar və səmimi münasibətlər daha da genişləndirilmiş, bu məqsədlə bir sıra mühüm görüşlər keçirilmişdir.
Qeyd edilib ki, YAP-ın sıralarına hesabat dövrü ərzində 23 min nəfərdən çox yeni üzv qəbul edilib və beləliklə, partiya üzvlərinin sayı 688 min nəfəri keçib. Ötən il partiyaya daxil olanların sırasında gənclər və qadınlar üstünlük təşkil edib.