Bu gün Daxili İşlər Nazirliyində (DİN) 2016-cı ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.DİN-in mətbuat xidmətindən “Report”a verilən məlumata görə, iclası giriş sözü ilə açan nazir, general-polkovnik Ramil Usubov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən hüquq mühafizə siyasəti sayəsində daxili işlər orqanlarında da fəaliyyətin təkmilləşdirilməsi, əldə olunmuş müsbət nəticələrin inkişaf etdirilməsi istiqamətində əhəmiyyətli işlər görülüb, həmçinin, asayişin, təhlükəsizliyin, insan hüquq və azadlıqlarının qorunması və digər sahələrdə qarşıda duran vəzifələrin, dövlət plan və proqramlarının icrası tam təmin edilib. Qeyd olunub ki, ölkəmiz cinayətkarlıqla mübarizənin nəticələrinə görə, ötən il də MDB və Avropa məkanında öncül mövqedə olub, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı azalaraq 277-dən 271-ə enib.
Hesabat məruzəsi ilə çıxış edən daxili işlər naziri deyib ki, dövlətin iqtisadi təhlükəsizliyinin qorunması kimi xüsusilə aktual olan cinayətlərə qarşı aparılan əməliyyat tədbirləri ilə 33 saxta pul hazırlama və satma cinayəti aşkarlanıb. Nəticədə qeyri-leqal dövriyyədən ümumi məbləği 47 min manat, 10 min ABŞ dolları və 9 min 500 avro olan 931 ədəd müxtəlif nominalda saxta əskinas, habelə istifadə müddəti ötmüş 35 tondan çox yeyinti məhsulu və tikinti materialı çıxarılıb. Bununla yanaşı, valyuta qanunvericiliyinin tələblərini pozmaqla ümumilikdə 195.650 ABŞ dolları və 30.000 avro satan 7 şəxs saxlanılıb, toplanmış materiallar aidiyyəti üzrə Vergilər Nazirliyinə göndərilib, daha 262 şəxs haqqında inzibati məsuliyyət tədbirləri görülüb.
Dini ekstremizmə qarşı mübarizə tədbirləri də davam etdirilərək əsas diqqət dini radikalizmin və dini fanatizmin təbliğatını aparan, vətəndaşları ölkə hüdudlarından kənarda silahlı münaqişələrə cəlb edən şəxslərin müəyyənləşdirilməsinə yönəlib. Bu cür əməllərə görə 35 şəxs cinayət, 223 nəfər inzibati məsuliyyətə cəlb olunub. Onlardan 4 avtomat, 4 tapança, 34 ədəd əl qumbarası, 7 kq partlayıcı maddə, çoxlu sayda döyüş sursatı, minlərlə qanunsuz dini ədəbiyyat, elektron daşıyıcılar və s. aşkarlanaraq götürülüb.
Transmilli mütəşəkkil cinayətlərdən olan narkotraffikə qarşı həyata keçirilən tədbirlərlə qeyri-leqal dövriyyədən 2015-ci illə müqayisədə 123 kiloqram çox, bütövlükdə, 934 kq narkotik vasitə çıxarılıb, 70 cinayətkar qrup zərərsizləşdirilib, 2573 nəfər məsuliyyətə cəlb olunub. Qanunsuz kultivasiya edilən və yabanı halda bitən 148 tona yaxın çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib.
İnsan alverinə qarşı mübarizədə 2015-ci illə müqayisədə ötən il 29,4 faiz çox və ya 141 cinayət müəyyən edilib, 22 nəfərdən ibarət 9 cinayətkar qrup zərərsizləşdirilib, bu əməllərin qurbanı olmuş 70 şəxsin cəmiyyətə reinteqrasiyası təmin edilib.