ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland və bir sıra digər yüksək rütbəli diplomatlar bu həftə vəzifələrindən ayrılaraq Dövlət Departamentini tərk edəcəklər. Bu barədə "Report" "Associated Press"ə istinadən xəbər verir. V.Nulanddan savayı, dövlət katibinin inzibati-təsərrüfat sahəsi üzrə müavini Patrik Kennedi, dövlət katibinin köməkçiləri Coys Barr və Mişel Bond da vəzifələrindən ayrılacaq. Qeyd edək ki, dövlət katibi Con Kerrinin istefaya getməsindən sonra Dövlət Departamentinin rəhbəri vəzifəsini müvəqqəti olaraq onun keçmiş müavini Tomas Şennon icra edir. Bu vəzifəyə ABŞ-ın yeni prezidenti Donald Tramp tərəfindən "Exxon Mobile" şirkətinin keçmiş rəhbəri Reks Tillerson namizəd kimi irəli sürülsə də, Senat hələ onun namizədliyini təsdiq etməyib.