Bakı şəhər Baş Polis İdarəsi (BPİ) “ADA” Universiteti tələbələrinin təşəbbüsünə dəstək verərək “Siqaretə yox deyək, gələcəyi xilas edək” maarifləndirici kampaniyaya başlayıb. BPİ-dən Avtosfer.az-a verilən məlumata görə, kampaniya çərçivəsində ilk görüş Bakı şəhəri Yasamal rayonu 53 saylı orta məktəbin müəllim-şagird kollektivi ilə keçirilib. Görüşdə Bakı şəhər BPİ İctimai Təhlükəsizlik idarəsinin, rayon polis idarəsinin əməkdaşları və “ADA” Univerisitetinin tələbələri iştirak ediblər.
Bakı şəhər BPİ İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili bölməsinin rəisi, polis polkovnik-leytenantı Məryəm Ömərova bu kampaniyanın əhəmiyyəti barədə danışaraq bildirib ki, hər bir cəmiyyətin gələcəyi onun yeni nəslinin sağlamlığından, təhsil və tərbiyəsindən asılıdır. Kimyəvi tərkibli maddələrin, xüsusilə siqaret aludəçiliyinin zərərindən, sağlamlığa təsirindən danışan Məryəm Ömərova qeyd edib ki, kampaniyanın əsas məqsədi 13-17 yaş qrup yeniyətmələr arasında siqaret aludəçiliyi, bunun nəticəsində dərsdən yayınma hallarına səbəb olan fəsadların aradan qaldırılmasına yönəldilib.
Görüşdə “ADA” Universitetinin bakalavr tələbələri Xədicə Bayramlı, İsmayıl Əliyev və Sevda Məmmədzadə “Siqaretə yox deyək, gələcəyi xilas edək” mövzusunda təqdimatla çıxış ediblər. Kampaniyanın genişlənməsində azyaşlıların səfərbər olmasının vacibliyini qeyd edən tələbələr yeniyətmələri passiv siqaret istifadəçiləri kimi daha məlumatlı olmağa və aktiv siqaret istifadəçilərini həm öz, həm ətrafdakılarının həyatlarına məsuliyyətlə yanaşmağa səsləyiblər.
Görüşdə siqaret istifadəsi ilə bağlı qanunverici tərəfə də toxunuldu. Qeyd olundu ki, Azərbaycanda qanunvericiliklə ictimai yerlərdə - ictimai nəqliyyatda, ticarət, iaşə, məişət obyektlərində, ümumi istifadədə olan yaşayış binalarında, eləcə də qapalı məkanlarda, o cümlədən inzibati binalarda, iş yerlərində siqaret çəkmək qadağandır. Tədris-tərbiyə, səhiyyə-sağlamlıq, həmçinin mədəniyyət obyektlərində, kütləvi tədbir keçirilən yerlərdə də siqaret çəkmək olmaz. Bu əmələ görə inzibatı məsuliyyət - cərimə nəzərdə tutulur.
Polis əməkdaşlarının və “ADA” tələbələrinin təqdimatı məktəblilər arasında maraqla qarşılanmış, tədbir şagirdlərlə sual-cavab hissəsi ilə davam etdirilib.
Polis orqanları ilə təhsil ocaqlarının bu işdə qarşılıqlı, faydalı əməkdaşlığı barədə danışan 53 saylı məktəbin direktoru Firəngiz Həsənova bildirmişdir ki, siqaret aludəçiliyi bəzən yeniyetmə yaşlarından başlayaraq ömürlük vərdişə çevrilir və uzun müddətli ciddi sağlamlıq fəsadlarına səbəb olur. Buna qarşı bütün cəmiyyət səfərbər olmalıdır.
Xatırladaq ki, bu, Bakı şəhər BPİ və “ADA” Universiteti ilə ilk əməkdaşlıq layihəsi deyil. Ötən il yol təhlükəsizliyi qaydaları ilə bağlı “ADA” tələbələrinin sosial maarifləndirici təşəbbüsləri Bakı şəhər BPİ DYP tərəfindən dəstəklənib. Uğurla həyata keçirilən layihələr Universitetin sosial layihələrə görə verilən “Hacı Zeynalabdin Tağıyev” adına mükafata layiq görülüb.
Elmin