Fevralın 21-də keçiriləcək hərraca 79 dövlət əmlakı çıxarılacaq. Əmlak Məsələləri Dövlət Komitəsindən verilən məlumata görə, yeni hərracda fiziki və hüquqi şəxslərə 79 dövlət əmlakını özəlləşdirmək təklif olunur. Artıq hərraca sifariş vermək üçün komitənin “privatization.az” portalında elektron keçid aktivdir. Vətəndaşlar hərraca çıxarılan 22 səhmdar cəmiyyəti, 19 kiçik dövlət müəssisəsi, 35 istifadəsiz qeyri-yaşayış sahəsi və 3 nəqliyyat vasitəsindən bir və ya bir neçəsinə sifariş verə bilərlər.
Təklif olunan kiçik dövlət müəssisəsi və obyektləri paytaxtın Sabunçu və Qaradağ rayonları, Siyəzən şəhəri, Samux, Beyləqan, Goranboy və Bərdə rayonlarında yerləşir. Sabunçuda yerləşən əmlak 60 min manata, Samuxda yerləşən “Seyidlər” üzüm emalı zavodu 77 min 200 manata, Bərdə şəhərindəki Texniklər evi isə 60 min manata təklif olunur.
Özəlləşməyə çıxarılan paytaxtdakı qeyri-yaşayış sahələri Səbail, Nəsimi, Sabunçu, Yasamal, Qaradağ, Nizami, Nərimanov və Qaradağ rayonlarında yerləşir. Digər qeyri-yaşayış obyektləri isə Sumqayıt və Mingəçevir şəhəri, Lənkəran, Biləsuvar, Hacıqabulda hərraca çıxarılıb. Bu obyektlərin sahəsi 15-100 kv.m. arasında dəyişir. Təklif olunan belə əmlaklar sırasında ən yüksək start qiyməti paytaxtın Yasamal rayonunda yerləşən qeyri-yaşayış obyektinə təyin olunub. Belə ki, əmlak 520 min manat ilkin satış qiyməti ilə hərraca çıxarılıb. Səbaildə yerləşən 3 qeyri-yaşayış sahəsi 117 min, 105 min və 100 min manata fiziki və hüquqi şəxslərə təklif olunur.
Özəlləşməyə çıxarılan səhmdar cəmiyyətləri təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Müxtəlif şəhər və rayonlarda yerləşən belə iri müəssisələr sırasında paytaxtın Nərimanov rayonunda yerləşən “Avtomotoservis”, Sabunçu rayonundakı “Material Təchizat” və Səbail rayonundakı “Şəmkir” ilə yanaşı, regionlarda yerləşən “Bərdə Tikinti Quraşdırma”, “Biləsuvar Broyler”, “Qax Taxıl”, “Salyan Aqrotexservis”, “İsmayıllı Sənaye İstehsal” kimi səhmdar cəmiyyətlər var. Sifarişi komitənin özəlləşdirmə portalına daxil olaraq rahat və operativ şəkildə vermək mümkündür. Qeyd edilməlidir ki, elektron sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək qəbul edilir. Elektron sifariş verildikdən sonra əmlakın ilkin satış qiymətinin 10% məbləğində behi elektron qaydada ödənilir. Bu prosedurdan sonra vətəndaş hərracda iştirak etmək statusu qazanır. Hərracda qalib olmayan şəxsin ödədiyi beh 10 gün ərzində geri qaytarılır. Hərrac prosedurları barədə ətraflı məlumatı komitənin (012) 566 07 44 nömrəli çağrı mərkəzindən almaq olar.
Hərraclar barədə məlumatlar Özəlləşdirmə portalı (privatization.az) ilə bərabər, həm komitənin rəsmi saytı, həm də komitənin facebook sosial şəbəkəsindəki rəsmi səhifəsi və privatization.az səhifəsində ictimaiyyətə hər həftə açıqlanır. Özəlləşdirmə portalında hərraclarla tanış olan istifadəçi hər hansı sualı yaranarsa, portalın onlayn məsləhət pəncərəsi vasitəsilə sualını ünvanlaya bilər. Hərraca çıxarılan əmlaklara aşağıdakı linkdə baxmaq olar: http://www.privatization.az/index.php/az/component/content/article?layout=edit&id=1242
Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.