Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq iyirmi yeddi il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalacaqdır. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
O günlərdən 27 il keçməsinə baxmayaraq, ölkənin dörd bir yanında o qanlı günləri anır və şəhidlərimizin ruhuna dualar edirlər. Qax rayonunda da 20 Yanvar Faciəsi anılır və rayon gəncləri həmin günü qeyd edirlər. Qax rayonunun tanınmış simalarından olan gənc və istedadlı aktyor Nuru Mustafayev müxbirimizlə söhbətində Azərbaycan xalqının mübarizə tarixindən söz açıb: "Qanlı Yanvar faciəsindən xalqımızı 27 illik zaman fasiləsi ayırır. Azərbaycan xalqı zaman-zaman ağır faciələrlə üzləşmiş, haqsızlıqlarla qarşılaşmışdır. Xalqımızın başına gətirilən belə faciələrdən biri də qanlı 20 Yanvar faciəsi idi. Yalnız, o zaman Moskvada məcburi təqaüdə göndərilmiş ümummilli lider Heydər Əliyev özünün və yaxınlarının həyatını təhlükə qarşısında qoyaraq, Yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, buraya yığışmış azərbaycanlılar qarşısında çıxış etmiş, imperiya siyasətini, Qorbaçovun xalqımıza məkrli siyasətini kəskin tənqid etmişdi. Biz gənclər tarixi kitablardan və ən əsası da o günlərə şahidlik etmiş böyüklərimizdən öyrənmişik və bugün də o günləri anırıq. Biz Qax gəncləri 20 Yanvar faciəsi ilə bağlı tədbirlər təşkil edir və şəhidlərimizin ruhuna dualar edirik. Çalışdığım Qax Dövlət Kukla Teatrında da Azərbaycan xalqının mübarizə tarixinə həsr olunmuş tamaşalar səhnələşdirilir və yetişməkdə olan nəsillərə mübarizlik ruhunu aşılayırıq."