Yollarda təhlükəsizliyə dair tədbir keçirildi - İsmayıllıda

17:16 - 19 Yanvar 2017 - ÖLKƏ İÇİ

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Yol Patrul Xidməti Alayının (YPXA) 4-cü taqımının əməkdaşları İsmayıllı rayonu ərazisindən keçən respublika əhəmiyyətli avtomobil yollarında piyadalar, mal-qara, kənd təsərrüfatı texnikaları və küçə ticarəti ilə bağlı təhlükəsizliyin təmin edilməsi mövzusunda maariflənmə xarakterli tədbir keçirib.

Ucnoqta.az apa-ya istinadən xəbər verir ki, BDYPİ-nin YPXA-nın 4-cü taqımının baş leytenantı Aqşin Osmanov çıxış edərək keçirilən bu tədbirin BDYPİ-nin rəhbərliyi tərəfindən keçirilən müşavirə zamanı yol hərəkəti təhlükəsizliyinin təmini və hərəkət iştirakçılarının yol hərəkəti qaydalarına əməl etmələrinə nəzarətin gücləndirilməsi məqsədilə verilən tövsiyə və tapşırıqlardan sonra təşkil olunduğunu bildirib.

Tədbirdə əsasən xidməti ərazidə baş verən yol nəqliyyat hadisələrinin səbəbləri və şəraiti, yaşayış məntəqələrində piyadaların hərəkəti, mal-qaranın nəzarətsiz və müəyyən olunmayan yerdən ötürülməsi, kənd təsərrüfatı texnikalarının gecələr yollarda hərəkəti və digər məsələlər müzakirə olunub.

Sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Xəbər xətti