Ötən il Milli Məclisin komitə iclasında daşınar əmlakın ipoteka predmetinin olub-olmaması məsələsi ətrafında qızğın müzakirələr getmişdi. Ucnoqta.az “qafqazinfo”ya istinadən xəbər verir ki, millət vəkilləri daşınar əmlak anlayışının nə demək olmasının aydınlaşdıra bilməmişdilər və məsələni aydınlaşdırmaq üçün Milli Məclisin müvafiq şöbəsinə göstəriş verilmişdi. Bu gün İqtisadi siyasət komitəsinin bu gün keçirilən iclasında Milli Məclisin İqtisadi qanunvericilik şöbəsinin müdiri Rauf Hacıyev məsələyə aydınlıq gətirib.
O qeyd edib ki, bununla bağlı müddəalar Mülki Məcəllənin 264-ci maddəsində öz əksini tapıb: “2007- ci ildə qəbul olunan “İpoteka haqqında “ qanunda da daşınar əmlak predmetinin tərifi verilmişdi. Xidməti və mülki silahlar, kitabxanada olan qiymətli kitablar, qiymətli kağızları rəsmiləşdirən daşınar əmlaklar, daşınar tarix və mədəniyyət abidələri daşınar əmlak predmeti ola bilməz. Məsələn, dəmiryolunda nəqliyyat vasitələri, Fövqəladə Hallar Nazirliyinə məxsus kiçik gəmilər və. s-lər də istisnadır”.
Millət vəkili Cavid Qurbanov isə şöbə müdirinə xitabən deyib: “Rauf, sən heç nə dediyini özün başa düşdünmü? Bu bizə yenə aydın olmadı. Bəs Nəqliyyat Nazirliyini ipotekaya qoymaq olar?”.
Əli Məsimli də qeyd edib ki, bu həqiqətən də ciddi məsələdir: “Bu gün buna səthi yanaşıb qəbul edirik. Amma gələcəkdə bu bizə fəsadlar yarada bilər. Bu sənədlər ipotekanın başına ip salıb oynamaqdır. Onu çox mürəkkəbləşdirmisiniz, gələcəkdə yəqin ki, problem yaranacaq. Allah o problemlərdən bizi qorusun”.
Millət vəkili İlham Əliyev əlavə edib ki, problem yarananda o zaman göndərəcəklər və qanuna dəyişkilik olunacaq.