“20 Yanvar Azərbaycan xalqının istiqlal tarixidir, qəhrəmanlıq nümunəsidir”. Bunu “20 Yanvar-Şəhidlik zirvəsi” adlı tədbirdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev deyib. O bildirib ki, 20 Yanvar faciəsi ilə bağlı həqiqəti ilk dəfə ulu öndər Heydər Əliyev açıq şəkildə dünyaya bəyan edib: “Azərbaycan xalqı bu tarixi unutmayacaq. Mən görürəm ki, bütün bu proseslərdə, anım günlərində gənclər öndə olurlar. Bu da sevindirici haldır. Azərbaycan dünyada gələcəyə nikbin baxışı ilə tanınan ölkədir. Bütün dünyada bizim ölkəyə böyük maraq var və bütün bunlar Azrbaycan Prezidenti İlham Əliyevin gördüyü işlərlə bağlıdır”. K.Abdullayev deyib ki, Azərbaycan dövlətinin ərazi bütövlüyü və onun toxunulmazlığı heç bir halda müzakirə obyekti ola bilməz və bunu artıq bütün dünya bilir. Dini Qurumlarlara İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qeyd edib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının qan yaddaşına daxil olub və heç bir zaman unudulmayacaq.
Dövlət Komitəsinin sədri vurğulayıb ki, 20 Yanvar hadisəsinin törədilməsinin səbəbkarı Mixail Qarboçov başda olmaqla Sovet İttifaqının rəhbərliyi və o zaman Azərbaycana rəhbərlik edən insanlardır: “Sovet sistemnin dağılmasında 20 yanvarda tökülən şəhidlərin qanının rolu olub. Bu hadisədən sonra Azərbaycanın ictimai şüurunda da böyük dəyişiklik baş verdi. 20 yanvar sovet rejiminə olan inamı tamamilə sındırdı”.
M.Qurbanlı deyib ki. Sovet ordusu 1986-cı ildə Qazaxstanda, başqa ölkələrdə də qırğınlar törətmişdi, amma onların heç birində Bakıda olduğu kimi dəhşətli qırğın olmayıb.
O bildirib ki, 20 Yanvar faciəsinin şahidləri və gənclər bu hadisələrini gələcək nəslə çatdırmalıdır.