İtaliyanın xilasetmə xidmətinin əməkdaşları ölkənin mərkəzi hissəsində qar uçqunu altında qalan "Rigopiano di Farindola" otelinin 5 kilometrliyinə qədər yaxınlaşa biliblər. Bu barədə ANSA agentliyi məlumat yayıb. Bildirilir ki, xilasedicilər pis hava şəraiti səbəbindən artıq xüsusi texnika tətbiq edə bilmirlər və dəniz səviyyəsindən 1200 metr hündürlükdə olan dağ mehmanxanasına xizək vasitəsi ilə getməyə çalışırlar. "Vəziyyət son dərəcə ağırdır. Mən bilmirəm biz hələ nə qədər getməliyik. Düşünürəm ki, 5 ya 6 kilometr qalıb. Burada 3 yaxud 4 qat qar var. Burdan o tərəfə biz ayaqla xizəkdə gedəcəyik", – deyə agentlik dağ xilasedicilərinin komandirinin sözlərini sitat gətirib.
Qar uçqunu çərşənbə günü İtaliyanın mərkəzində yerləşən Abrusso əyalətinin Qran-Sasso-d’İtaliya dağ massivi ərazisində ardıcıl qeydə alınan yeraltı təkanlar nəticəsində baş verib.
Son məlumatlara görə, oteldə ikisi uşaq olmaqla 20-dən çox adam var. Onlardan biri kənara göndərdiyi mesajda "Kömək edin, biz soyuqdan ölürük" sözlərini yazıb.