Azərbaycan və İslam İnkişaf Bankı arasında saziş imzalandı

15:03 - 18 Yanvar 2017 - İQTİSADİYYAT

Yanvarın 18-də iqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan İslam İnkişaf Bankının (İİB) vitse-prezidenti Sayed Ağanın rəhbərlik etdiyi Siyasi Dialoq Missiyası ilə görüşüb.İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Ş.Mustafayev Azərbaycanın İslam İnkişaf Bankı və İİB Qrupuna daxil olan digər institutlar ilə əməkdaşlığa önəm verdiyini, Bankın özəl sektorun inkişafı istiqamətində ölkəmizə göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini vurğulayıb. Azərbaycanda islam ölkələri ilə əməkdaşlığın genişləndirilməsinə və islam həmrəyliyinin möhkəmləndirilməsinə önəm verildiyini qeyd edən nazir Azərbaycan Prezidenti tərəfindən 2017-ci ilin ölkəmizdə “İslam həmrəyliyi ili” elan edildiyini, bu il Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyini vurğulayıb.

Qeyd olunub ki, İİB tərəfindən indiyədək Azərbaycan iqtisadiyyatına 18 layihə çərçivəsində 1 milyard ABŞ dollarına yaxın investisiya yatırılıb. Kənd təsərrüfatı, enerji, nəqliyyat, sosial, su təchizatı və s. sahələri əhatə edən bu layihələrin 14-ü artıq başa çatıb, 4 layihənin icrası isə davam edir. İslam İnkişaf Bankı ilə fəal əməkdaşlıq davam etdiriləcək.

Ş.Mustafayev Bankın özəl sektora, xüsusilə də real sektora investisiya yatırılması, iri müəssisələrin birbaşa maliyyələşdirilməsi, səhm kapitalında iştirak kimi sahələrdə fəaliyyətinin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb, sənaye parkları və zonalarının yaradılması, tikinti materiallarının istehsalı, metallurgiya, maşın və avadanlıqların istehsalı, kimya sənayesi kimi prioritet sahələrə investisiya yatırılmasını təklif edib.

İslam İnkişaf Bankının vitse-prezidenti S.Ağa ölkəmizə səfərindən, təmsil etdiyi qurumun Azərbaycanla əməkdaşlığından məmnunluğunu bildirib, Bankın Azərbaycanla əlaqələrin genişləndirilməsi imkanlarına dair fikirlərini bölüşüb və qurumun bundan sonra da Azərbaycandakı layihələrdə fəal iştirak edəcəyini vurğulayıb.

Görüşün sonunda "Azərbaycan Respublikası Hökuməti ilə İslam İnkişaf Bankı arasında Azərbaycan Respublikasında İslam maliyyələşdirilməsi üzrə hüquqi bazanın işlənib hazırlanmasına dair texniki dəstək haqqında qrant Saziş”i imzalanıb. Sənədə əsasən, Azərbaycanda bank sahəsində mövcud qanunvericiliyin təhlili, ölkəmizdə islam bankçılığının tətbiqi imkanlarının araşdırılması və müvafiq təkliflərin hazırlanması nəzərdə tutulur.


Xəbər xətti