Misirin keçmiş futbolçusu Məhəmməd Əbutrika terrorçular siyahısına daxil edilib. “Report” BBC-yə istinadən xəbər verir ki, bu haqda məlumatı onun vəkili yayıb. Vəkilin sözlərinə görə, Misir məhkəməsi Əbutrikanı 2013-cü ildə terrorçu “Müsəlman qardaşları” təşkilatını maliyyələşdirməkdə ittiham edib. O, məhkəmənin qərarına yenidən baxılmasına nail olacaqlarını da vurğulayıb. Keçmiş futbolçu isə şirkəti və ya işgüzar əlaqədə olduğu tərəfdarlarının heç vaxt islamyönlü təşkilatları maliyyələşdirmədiyini bildirib.
2015-ci ildə ölkədə qəbul olunmuş “Antiterror qanunu”na əsasən, terrorçular siyahısına daxil edilənlərə səyahət yasaqlanır, onların pasportu müsadirə edilir, bank hesabları isə dondurulur.
Qeyd edək ki, Məhəmməd Əbutrika 2012-ci ildə Misirdə keçirilmiş prezident seçkisində “Müsəlman qardaşları”nın hazırda həbsdə olan namizədi, devrlimiş prezident Məhəmməd Mursini açıq şəkildə dəstəkləyib. O, 1978-ci il noyabrın 7-də Misirin Giza bölgəsndə anadan olub, əsasən, ölkə paytaxtı Qahirənin “Əl-Əhli” komandasında çıxış edib, Misir millisinin tərkibində iki dəfə Afrika Millətlər Kubokuna yiyələnib, FİFA versiyası üzrə dəfələrlə dünyanın məşhur futbolçuları siyahısına daxil edilib. Afrikanın tanınmış futbolçularından olan Əbutrika 2013-cü ildə karyerasını başa vurub.