"Çexiya şirkətləri bugünədək Azərbaycanın əsas kapitalına 1,3 mlrd. dollar həcmində investisiya yatırıb". "Report" xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Çexiya biznes forumunda Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib. Ş.Mustafayev bildirib ki, forumda Çexiyadan 17 şirkət, 27 sahibkar, Azərbaycan tərəfindən isə 137 sahibkar iştirak edir: "İki ölkə arasında iqtisadi münasibətlər inkişaf edib. Son 8 ildə Azərbaycanla Çexiya arasında 7 birgə işgüzar görüş keçirilib. Bu, qarşılıqlı marağın yüksək olduğunun göstəricisidir. Ölkələr arasında siyasi münasibətlər olduqca yüksək səviyyədədir. Lakin bununla kifayətlənmək lazım deyil. Ümid edirəm, bu forum ikitərəfli iqtisadi münasibətlərə də müsbət təsir edəcək. Ölkələrimiz arasında yüksək səviyyədə əlaqələr var. Ötən ilin nəticələri əvvəlki illərlə müqayisədə azdır. Bu da dünyada neft sahəsində baş verən qiymət enməsi ilə əlaqədar idi. Biz ticarət sahəsini şaxələndirmək istəyirik. Azərbaycanla Çexiya strateji partnyorlardır. Biz qeyri-neft sektorunun inkişafı üçün bir çox sahələrdə hüquq xidmətləri, turizm, logistika, sənaye, kənd təsərrüfatı, maliyyə və s. əməkdaşlıq edə bilərik. Azərbaycandan Çexiyaya ixrac olunacaq məhsulların siyahısını müəyyən etmişik. Bu, ilk növbədə kənd təsərrüfatı məhsullarından fındıq, pambıq, pomidor, meyvə olacaq. Eyni zamanda, şərab və şərab məmulatları da ixrac oluna bilər. Çünki Çexiya ildə 200-300 mln. dollarlıq şərab idxal edir. Bu baxımdan, zərurət yaranarsa müvafiq ixrac missiyasının təşkilini həyata keçirə bilərik. Sənaye məhsulları üzrə bir neçə istiqamətdə əməkdaşlıq etmək mümkündür. Hazırda Azərbaycanda 19 çex şirkəti fəaliyyət göstərir".
Nazir vurğulayıb ki, Çexiya bankları Azərbaycana müxtəlif layihələrə 1,8 mlrd. avroluq kredit ayırıb: "Çex turistləri Azərbaycana səfər etsələr də, Çexiyaya səfər edən azərbaycanlı turistlər üstünlük təşkil edir. Bu sahədə sahibkarların təşviqat tədbirləri həyata keçirməsi çox önəmlidir. Hər iki ölkədə sahibkarların əməkdaşlıq etməsi üçün geniş imkanlar yaradılıb".
"Azərbaycan hökuməti iqtisadiyyatın qeyri-neft sektorunun inkişaf etdirilməsində maraqlıdır. Biznesin inkişaf etdirilməsi üçün Azərbaycanda sahələr təşviq edilir. Əminəm ki, bu cür tədbirlər iki ölkə arasındakı münasibətlərə müsbət töhfə verəcək. Forumda iştirak edən sahibkarlar onlar üçün yaradılan şəraitdən istifadə edəcəklər. Sahibkarların əlaqə qurması birgə layihələrin həyata keçirilməsinə səbəb ola bilər. Bunun nəticəsi olaraq hər iki ölkənin iqtisadiyyatına müsbət təsir edəcək bir sıra müqavilələr imzalana bilər", - deyə Ş.Mustafayev əlavə edib.