Nadir Qafarzadə və toy sahibi arasında yaşadığı qalmaqal yeni mərhələyə keçib. Müğənni əvvəlcə bu haqda şəxsi "Instagram" hesabında geniş yazı dərc edib. Daha sonra çıxdığı televiziya verilişində bu haqda danışıb. Məsələdən xəbərdar olan toy sahibi isə birbaşa efirə zəng edib. O, Nadir Qafarzadənin yalan danışdığını deyib, sonra tərəflər arasında mübahisə olub, gərginlik artmağa başlayıb. Lakin bütün demək istədiklərini ifadə edə bilmədiyindən Vaqif Süleymanov "qafqazlnfo"ya bu haqda geniş açıqlama verib:
"Toy sahibi mənəm. Reklamarası Zaurla danışdığım üçün canlı efirdə olduğumu bilmədim, əsəbi idim, bu səbəbdən fikrimi tam izah etmədim. Biz toydan bir ay qabaq danışdıq, toyda iştirak üçün 12 min manat istədi. Prodüsseri Bəşirlə razılaşdıq. Dedi ki, Bakıdakı toylarda 10 min manata iştirak edirik, amma rayonlara qiymət dəyişir, 12 min manata qatılarıq. Bu söhbətdə prodüser Tolik də olub. Toy hazırlıqlarına başladım, gördüm ki, toy iki hissəli olmalıdır. Yəni, 19:00-a qədər toyu danışmağım düz olmayıb. Bəşirə zəng vurdum, dedim ki, toy 22:00-a kimi uzanacaq. Düzdü, tərəddüd etdilər, amma məsələyə Tolik qarışdı. Daha sonra mənə zəng vurdular ki, 2 min manat da artırın. Mən də razılaşdım. Toydan əvvəl iki min beh, məclisdən sonra isə 12 min manat ödədim. Yəni, Nadir Qafarzadəyə 14 min AZN ödəmişəm. Bu formada danışıqdan sonra saat 19:00-da Nadir toyu saxladı. Zalda 700-800 olmağına baxmayaraq dedi ki, biz belə danışmışıq, gedirik. Toyda əsəbiləşdim, dedim işimi pozma, əlavə pul deyirsənsə, verim.
O da dedi ki, mənim pulum çoxdu, istəmirəm. Orada anormal hərəkətlər etməyə başladı. ”Ay öldüm, ay vəfat etdim” və s. dedi. Təklif etdim ki, sən oxuma, musiqiçilər davam etsin. Söylədi ki, musiqiçilər yorulub. Başa düşdüm, söylədim ki, ”fonoqrama” oxu, məclisi yola ver. Dedi yox! Mənim də çıxış yolum qalmadı, əmr formasında dedim ki, get sən işinlə məşğul ol, musiqiçilər işləsin. Sonda söylədim ki, 2 min behdən sonra 12 mini musiqiçilərə halal, Nadir sənə haram edirəm. Sözümdən sonra başqa kanallarda səviyyəsiz söhbət etməyə başladı. İndi bütün bölgə məni qınayır. Deyirlər ki, bu səviyyəsizi niyə toyuna çağırmısan? Dediklərimə Tolik də şahiddir, işin içində az-çox olub. Mənim bölgəmdə quzu otaran bir kənd uşağının səsi ondan yaxşıdır. Toyu olan oğlum dedi ki, Nurini çağıraq, alınmadı. Məcbur oğlum Nadiri dedi, qəlbini qırmadım və böyük səhv etdim. Mən məsələyə geniş aydınlıq gətirmək istədim”.