Yanvarın 20-də Bakıda keçiriləcək anım tədbirləri ilə əlaqədar bəzi yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Ucnoqta.az xəbər verir ki, bu barədə Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun verdiyi məlumata görə, artıq Şəhidlər Xiyabanında faciənin ildönümü ilə bağlı hazırlıq işlərinə başlanılıb.
20 yanvar günü Parlament prospekti, Hüseyn Cavid prospekti istiqamətində yollar bağlanacaq. Bu addım ziyarətçilərin təhlükəsizliyini və daha rahat ziyarəti təmin etmək məqsədi ilə atılacaq.
Dövlət Yol Polisi İdarəsi sürücülərdən bu istiqamətdə şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməyi, daha çox ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələrini xahiş edir. Qeyd edək ki, 20 yanvar faciəsinin ildönümü ilə əlaqədar olaraq Şəhidlər Xiyabanında bu il də güllərdən xüsusi kompozisiya qurulacaq. Artıq Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə işlərə başlanılıb.