Bakıda yolu keçmək istəyən ana və uşağını yük maşını vurub. Ucnoqta.az xəbər verir ki, bu barədə salamnews-a daxil olan məlumata görə, hadisə ötən gün günorta saatlarında Xətai rayonunda Naxçıvanski dairəsinə yaxın olan SOCAR yanacaqdoldurma məntəqəsinin yanında qeydə alınıb.
Məlumata görə, "KaMAZ" markalı yük maşını azyaşlı uşağı ilə yolu keçmək istəyən 31 yaşlı Kəmalə Həsənovanı vurub. Hadisə zamanı Kəmalə Həsənova ağır bədən xəsarətləri alıb, uşaq isə zərər çəkməyib. Qadın hadisə yerinə çağrılan təcili tibbi yardım avtomobili ilə 3 nömrəli xəstəxanaya çatdırılıb. Həkimlər onun kəllə beyin travması aldığını bildiriblər. Hazırda travmatologiya şöbəsində müalicə alan yaralının vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində hadisəni törədən sürücünün ifadəsi alınıb.
Qəza ilə əlaqədar təyin olunacaq avtotexniki ekspertizanın rəyindən sonra fakta hüquqi qiymət veriləcək.