Bakı Apellyasiya Məhkəməsində qohumunu öldürməyə cəhd etməkdə təqsirləndirilən Mehman Fəsədovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb. “Report”un xəbərinə görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin növbəti iclası yanvarın 16-na təyin edilib. Qeyd edək ki, ötən il yanvarın 9-da Abşeron rayon sakini Elnar Canatovun Biləcəri qəsəbəsində işlədiyi mağazanın qarşısına gələn yeznəsi, qəsəbə sakini Mehman Fəsədov münaqişə zəminində tüfəngdən açdığı atəşlə ona sifət nahiyəsindən xəsarət yetirib və hadisə yerini tərk edib. E.Canatov xəstəxanaya yerləşdirilib.
Binəqədi Rayon Polis İdarəsi (RPİ) 6-cı Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Fəsədov tutulub, ondan "İJ-58" markalı tüfəng və 5 ədəd patron götürülüb.
M.Fəsadov Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.