Türkiyənin Antalya bölgəsində qış təlim-məşq toplanışını davam edirən Bakının "Neftçi" klubu daha 2 legioner futbolçu transfer edəcək. Bu barədə "Report"a komandanın baş məşqçisi Elxan Abdullayev məlumat verib.
O bildirib ki, Ukrayna "Stal"ında çıxış edən Azərbaycan millisinin üzvü Pavel Paşayevlə birgə ümumilikdə daha 3 transfer nəzərdə tutulub: "Pavelin klubu ilə bağlı məsələlər var və hazırda danışıqlar davam edir. İki-üç günə dəqiq cavab veriləcək. Onun keçidi baş tutmazsa, iki legionerlə kifayətlənəcəyik".
Baş məşqçi hazırda komandanın düşərgəsində olan xorvatiyalı Damir Vidoviç və əlverişsiz hava şəraiti ilə əlaqədar İstanbuldan Antalyaya uça bilməyən yeni transfer çilili İqnasio Herrera haqqında da danışıb: "Herrera bu gün komada ilə məşqlərlə qoşulacaq. Qalan bütün futbolçular komandanın düşərgəsindədir. Xorvatiyalı futbolçu ilə bağlı qərarımı isə hələ verməmişəm. Bir oyuna görə qəti söz demək olmaz. Növbəti oyunda da onu yoxladıqdan sonra qərarımı verəcəyəm".
Qeyd edək ki, "Neftçi"qış fasiləsində Namiq Ələsgərov ("Qarabağ"), Georgi Navalovski ("Veriya", Yunanıstan), Zdenek Folprext ("Slovan", Çexiya - icarə), İqnasio Herrera ("İrtış", Pavlodar), Kirill Petrov ("Olimpik" Donetsk, Ukrayna) və Pavel Dreksanı ("Karvina", Çexiya) heyətinə cəlb edib.