Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının səlahiyyətləri azaldılıb. APA-nın məlumatına görə, “Rəsmi qazete”də dərc edilən 681 saylı qanun hökmündə qərarnaməyə əsasən Türkiyə Silahlı Qüvvələrində kadrların formalaşdırılması ilə bağlı Baş Qərargahın səlahiyyətləri Müdafiə Nazirliyinə verilib.
İndiyə qədər Quru, Dəniz və Hava qüvvələrinin komandanlarının təyinatı prosesi Baş Qərargah rəisinin təklifi ilə başlayıb. Bundan sonra isə Quru, Dəniz və Hava qüvvələrinin komandanları müdafiə nazirinin təklifi, baş nazirin imzası və prezidentin təsdiqləməsi ilə təyin ediləcəklər. Bundan əvvəl Baş Qərargah tərəfindən müəyyənləşdirilən və Ali Hərbi Şurada müzakirəyə çıxarılan general və admiralların təyinatı da Müdafiə Nazirliyi tərəfindən müəyyənləşdiriləcək.
Quru, Dəniz və Hava qüvvələrinin komandanları təyin edilən ordu generalı və ordu admirallarının səlahiyyət müddəti iki il olacaq, bu müddət prezidentin qərarı ilə yad həddinə qədər hər dəfə 1 il olmaqla, artırıla biləcək. Komandanlar təyinat proseslərinə uyğun olaraq vəzifələrindən də azad edilə biləcəklər.
Qanun hökmündə qərarnamə ilə hərbi əmrin hərbi formada verilməsi barədə məcburiyyət də ləğv edilib. Əsgərlər hərbi formada olmayan zabitin, müvafiq səlahiyyətə malik mülki vəzifəli şəxslərin verdiyi əmrləri yerinə yetirməlidirlər. Bundan əvvəl Daxili İşlər Nazirliyinin tərkibinə verilmiş Sahil Mühafizə və Jandarma Qüvvələri də qanun hökmündə qərarnamə ilə Türkiyə Silahlı Qüvvələrinin tərkibindən çıxarılıb. Beləliklə, Türkiyə SİLAHLI Qüvvələri yalnız Quru, Dəniz və Hava qüvvələrindən ibarət olacaq.