Türkiyə milli komandasının sabiq futbolçusu Kolin Kazım-Riçardsın yeni klubu müəyyənləşib. "Report"un məlumatına görə, 31 yaşlı hücumçu Braziliya "Korintians"ı ilə 2 illik müqavilə bağlayıb.Kazım-Riçards Braziliyada forma geyinən ilk türk futbolçu ünvanına hələ ötən il "Kuritiba"ya keçərkən sahib olub. O, transferi ilə bağlı danışarkən, "Dünyanın ən böyük klublarından birində forma geyinəcəyim üçün xoşbəxtəm" deyib.Qeyd edək ki, "Korintians" Kolin Kazım-Riçardsın 13 illik peşəkar futbolçu karyerasında 13-cü klub olacaq. O, Türkiyədə "Fənərbağça", "Qalatasaray" və "Bursaspor"da, İngiltərənin "Böri" "Brayton Hov Albion", "Şeffild Yunayted", "Blekbern", Fransanın "Tuluza", Yunanıstanın "Olimpiakos", Hollandiyanın "Feyenord", Şotlandiyanın "Seltik" komandalarında da forma geyinib. Təcrübəli forvard Türkiyə millisinin heyətində 37 oyuna çıxıb. O, "ay-ulduzlular"la 2008-ci il Avropa çempionatının bürünc mükafatçısı olub, "Fənərbağça", "Olimpiakos" və "Seltik"lə çempionluq sevinci yaşayıb.