Bu gün Türkiyədə Milliyətçi Hərəkat Partiyasının (MHP) sədr müavini Attila Kaya tutduğu postdan istefa verib. APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, A. Kaya yazılı açıqlamasında MHP lideri Dövlət Bağçalının parlamentdə və referendumda Türkiyədə prezident üsul-idarəsinə keçidi nəzərdə tutan Konstitusiyaya dəyişikliklərə səs verəcəyini bəyan edəndən sonra belə bir qərar verdiyini bildirib.
Prezident üsul-idarəsinin əleyhinə olan A. Kaya ikiüzlü davrana bilməyəcəyini vurğulayıb.
Qeyd edək ki, millət vəkili olan A. Kaya partiyada sıravi üzv kimi fəaliyyətini davam etdirəcək. A. Kaya D. Bağçalının ən çox etimad göstərdiyi şəxslərdən biri olub.