Türkiyə Azərbaycan-Türkiyə-Qazaxıstan üçtərəfli formatının yaradılması üzərində işləyir. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
M.Çavuşoğlu bildirib ki, Türkiyə tərəfindən yaradılan üçtərəfli formatlar Qafqaz və Balkan regionlarında çox səmərəli işləyir. Onun sözlərinə görə, cari ildə rəsmi Ankara regionda həlli yubanmış münaqişələrin nizamlanmasını aktivləşdirmək üçün iş aparacaq.
Nazir qeyd edib ki, Türkiyə, Azərbaycan və Türkmənistan arasında üçtərəfli iclas yaxın aylarda keçiriləcək.
Qeyd edək ki, hazırda regionda bir sıra üçtərəfli formatlar, o cümlədən Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-Türkiyə-İran və Türkiyə-Azərbaycan-Türkmənistan əməkdaşlıq formatları fəaliyyət göstərir.