Prosineçki "Qarabağ" "Fiorentina" oyunu haqda danışıb

12:40 - 8 Dekabr 2016 - İDMAN

“Son vaxtlar mənə möhkəm soyuq dəymişdi. Buna görə də, evdən çıxa bilmirdim. İndi isə hər şey qaydasındadı. Hər oyunu izləyirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib.Xorvatiyalı çalışdırıcı Bakı Olimpiya Stadionunda jurnalistlərin suallarını cavablandırıb.
Maraqlı fikirlər səsləndirən Prosineçki bildirib ki, millinin bu ərəfələrdə yoldaşlıq oyunu keçirməsi inandırıcı görünmür: “Yığmanın növbəti təlim-məşq toplanışının vaxtı dəqiqləşməyib. Planda yoldaşlıq görüşünün keçirilməsi də var idi. Amma çətin olacaq. Çünki klublar təlim-məşq toplanışında olacaqlar. Yanvarın sonunda çempionat yenidən davam edəcək. Uyğun vaxt tapa bilmirik ki, 3-4 gün bir yerdə olaq. İkincisi, həmin vaxt yoldaşlıq görüşü keçirmək üçün komanda da tapa bilmərik. İnanmıram ki, yoldaşlıq oyunu keçirək. Millinin oyunçuları klubların tərkibində olacaq, biz onları ordan ala bilmərik. Buna görə də, qışda yığmanın yoldaşlıq oyunu keçirməsi inandırıcı görünmür”.
“Qarabağ”ın Avroliqanın qrup mərhələsində bu gün “Fiorentina” ilə keçirəcəyi oyuna da toxunan Prosineçki bunları deyib: “Qarabağ”ın bundan öncəki matçda əla şansı var idi. Bu gün çox çətin olacaq. Rəqib “Fiorentina”dı, amma futbol elə oyundu ki, hər komandanın şansı var. Biz də ümid edirik. Lakin “Fiorentina” kimi komandaya qalib gəlmək çox çətin olacaq. Onu nəzərə alaq ki, Maksim, Miçel oynamayacaq. Rəşad Sadıqov uzun müddətdi normal məşq etmir. Reallıq onu göstərir ki, “Qarabağ”ın işi çətindi. Qurban Qurbanov güclü məşqçidi, komandaya necə motivasiya vermək lazım olduğunu yaxşı bilir. Onu da deyim ki, “Fiorentina” Bakıya əsas heyəti ilə gəlib. Onlara da xal lazımdı, matça ciddi yanaşırlar. Yəqin ki, Qurbanın taktiki baxımdan hansı sirri olduğunu görəcəyik”.
“Qəbələ”nin kapitanı Cavid Hüseynovla bağlı da danışan 47 yaşlı çalışdırıcı hər dəfə oyundan öncə start heyəti açıqlamasına da toxunub: “Mən qorxmuram heyəti açıqlamadan. Rəqib həmkarım heyətimizi bilir, bilsin, bundan çəkinmirəm. Həmişə bunu etmişəm. Bu, növbəti oyunlarda da davam edəcək. Cavid Hüseynova gəlincə, onun barədə fikir bildirmək hələ tezdi. 14 ay oynamayan futbolçunun 1-2 aya forma yığması mümkün deyil. Cavidə vaxt lazımdı. Qış fasiləsində “Qəbələ” ilə hazırlıq keçəcək. Bu ona kömək olacaq”.

Xəbər xətti