Türkiyədə yaşayan azərbaycanlı müğənni Afaq Aslanın aznews.az-a müsahibəsi:
- Afaq xanım, neçə gündür ki, mətbuatın gündəminə çevrilmisiniz...
- Görürəm.
- Nə istəyirlər sizdən?
- Bir bilsəm...
- Açıq-saçıq fikirləriniz cəmiyyətdə birmənalı qarşılanmır. Sizi nəyə qısqanırlar?
- Yəqin ki, gözəlliyim göz çıxarır. Nə deyim vallah, bəziləri kimi ekranda, efirdə mələk donuna girib özümü “əxlaqlı qadın” obrazına salıb, həyatda min oyundan, min hoqqadan çıxmağı bacarmıram. Çox qırmızı insanam və kimliyindən asılı olmayaraq, hər adamın üzünə birbaşa sözümü deyə biləcək qədər də ürəkliyəm. İnsanlarda mənə qarşı qıcıq yaradan, bəlkə də, açıqsözlü olmağımdır. Demirəm ki, dünya gözəliyəm. Sadəcə olaraq, cəsarətli və komplekssiz olmağım yerimdə ola bilməyənləri qısqandırır. Bilirsiniz ki, Azərbaycan sənət aləmində açıq-saçıqlıq hələ də öz yerini tutmayıb. Bəzi sənətçilərimiz var ki, sənətdə mələk kimi görsənməyə çalışırlar. Onlar həyatda özlərinin çıxartdıqları oyunları, hoqqaları sənətdə etsələr mən onların yanında yalan olaram. Bu sənətdə irəli getmək üçün bəziləri kimi sözün əsl mənasında rola girməyi bacarmalısan. İki üzlü olmalısan, işinin xətrinə “ayıya dayı deməy”i də bacarmalısan. Bunlar da mənim xarakterimə xas olan xüsusiyyətlər deyil. Təəssüf...
- Siz Türkiyədə deyil, Azərbaycanda yaşayıb, fəaliyyət götərsəydiniz bu qədər irəli gedə bilərdiniz?
- Özünə güvənən insan hər bir ölkədə irəli gedə bilər. Niyə də yox?! Sadəcə olaraq, insanları irəli yox, həmişə geri salan bir-birinə qarşı olan paxıllıq və qısqanclıq hissləridir.
-Tanınmağınızda ən çox nə rol oynayıb?
-Xarici görkəmim, özümə güvənməyim və cəsarətli addımlarım...
- Deyilənə görə həm də xeyriyyəçisiniz?
- Heç bir zaman xeyirxahlıq naminə atdığım addımları işıqlandırmağı, reklama çevirməyi sevməmişəm.
- Azərbaycanda çəkilən filmlərə dəvət olunmusunuz?
- Azərbaycanda film sahəsi bir o qədər də cox inkişaf etməyib. Aktyor, aktrisaya dəyər verilmir. Çox təkliflər almışam, amma buna görə də o təklifləri qəbul etməmişəm. Azərbaycanda filmə çəkilən aktyor və aktrisalara qonarar təklif etmək əvəzinə özlərindən pul tələb edirlər. Rejissorlar deyirlər ki, “filan qədər pul verin sizi filmə çəkək”. Bir çox gənc aktrisalarımız məhşur olmaq naminə əlacsızlıqdan özləri rejissorlara pul təklif edirlər ki, onları filmdə hər hansı bir rola çəksin.
- Hazırda Adican Şirkətlər qrupunun prezidenti, Mardinli iş adamı Sedat Adicanla sevgili olduğunuz haqqında məlumatlar dolaşır…
- Bu barədə heç bir şey danışmaq istəmirəm. Hər şeyi zaman göstərər.
- Afaq xanım çəkilişlərdə, reklam roliklərinizdə, kliplərinizdə çox gözəl, cazibadar alt geyimləriniz nümayiş olunur. Paltarlar kim tərəfindən seçilir?
- Bütün geyimlərimin hər birini özüm seçirəm. Və bu yaxınlarda daha möhtəşəm layihələr tədqim edəcəm. O layihələr uzun müddət gündəmdən düşməyəcək.
- Sirr deyilsə, ən bahalı alt geyimləriniz neçəyə almısınız?
-Alt geyimlərimin qiymətləri fərqlidir. Mən bir paltar alanda qiymətindən çox mənə yaraşıb-yaraşmadığına önəm verirəm. Ola bilər ki, çox bahalı, dəyərli bir geyim olsun, amma onu əynimdə bəyənməyim. Ucuz bir geyim də ola bilər və mən onu zövqlə geyinə bilərəm. O ki, qaldı alt paltarımın qiymətinə, gəl rəqəm açıqlamayaq. Devalvasiyanın bu vaxtında camaatı dəli etməyək. Alt paltarımın qiymətini bilsələr…
- Bəs, hansı məşhur brendlərdən geyinirsiniz?
- Luis Vuitton, Versace, D&G və Philip Plein markalarının istehsal etdiyi geyim modellərini çox sevirəm.
- Açıq-saçıq səhnələrdə rol alanlar müəyyən bir qrup sənət adamı tərəfindən tez sıradan çıxarılır. Nədənsə sizin qarşınızda söz deməyə kiminsə cəsarəti çatmadı. Tək danışan Əli Mirəliyev oldu. Bunu necə izah edərdiniz?
- Mən deməzdim ki, tək danışan Əli Mirəliyev idi. Xeyir, bir çox danışan və danışmağa cəhd edənlər oldu. Öz gözündə tiri görməyib mənim gözümdə tük axtaran insanların yerində cavablarını verirəm. Onlar mənim haqqımda hər hansı fikir söyləməyə özləri də peşiman olur.
- Türkiyənin məhşur dizilərindən sizə təklif gəlir?
- Var, amma bu barədə hələ heç bir açıqlama vermək istəmirəm.
- Azərbaycanda kimi özünüzə rəqib görürsünüz?
- Heç kimi. Hərənin öz yeri var. Heç kim heç kimin yerini tuta bilməz.
- Sizcə qadınlarımızın çatışmayan cəhətləri nədir?
- Bizim qadınlarımızın əksəriyyətinin ən böyük çatışmayan cəhəti özünə inamlarının olmamasıdır. Əsl qadın özünə o qədər güvənməlidir ki, sevgilisinin gözü daima onun üzərində olmalıdır. Kişi özü onun arxasınca qaçmalı və onu əlində saxlamaqdan, itirməməkdən ötrü dəridən-qabıqdan çıxmalıdır. Bir kişini necə öz əlində saxlamağı düşünən və gecə-gündüz onun gününü qara eləyən, “ona niyə baxdın, buna niyə baxdın” deyə dığ-dığ edənlər özlərinə güvəni olmayan xanımlardılar.