Milli Məclisin iclasında Cinayət Məcəlləsinə təklif olunan idman yarışlarının manipulyasiya haqqında dəyişikliyin müzakirəsi zamanı çıxış edən deputat Elmira Axundova əvvəlcə idman sahəsindəki inkişafdan danışıb. Daha sonra qeyd edib ki, idmanın ölkədə inkişafı fonunda qanunvericiliyin də beynəlxalq standartlara uyğunlaşdılması labüddür. “Doğrudur, mən inanmaq istəməzdim ki, kimlərsə ölkə rəhbərliyinin humanistliyindən sui-istifadə etməklə, idman yarışlarında manipulyasiyaya yol versin. Amma hər halda bu cür neqativ proseslərə qarşı indidən hüquqi bazanın yaradılması zəruridir”. Deputat deyib ki, bu baxımdan Cinayət Məcəlləsinə edilən 192-2-ci əlavəni yüksək qiymətləndirir. E.Axunova iradlarını da bildirib: “Bununla belə həmin maddə ilə bağlı bir sıra suallarım və fikirlərim də var. Belə ki, 192-2.1-ci maddəyə görə: “İdman yarışlarının manipulyasiyası məqsədi ilə ..... maddi və ya sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi 3 min manatdan 5 min manatadək miqdarda cərimə və ya 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”, 192-2.2-ci maddəyə görə “İdman yarışlarının manipulyasiyası məqsədi ilə ..... maddi və ya sair nemət, imtiyaz və ya güzəşt istənilməsi və ya alınması, yaxud bu barədə təklifin və ya vədin qəbul edilməsi 3 min manatdan 5 min manatadək miqdarda cərimə və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”. Zənnimcə burada cəza nisbətən sərt müəyyən olunur. Hesab edirəm ki, burada cərimə və müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə cəzası kifayət edərdi. Çünki 192-2.4-cü maddəyə görə İdman yarışlarının manipulyasiyası məqsədi ilə idmançıya, idman hakiminə, məşqçiyə, sponsora və ya digər şəxsə, yaxud onların yaxın qohumlarına zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, yaxud onların özü və ya yaxın qohumları haqqında rüsvayedici məlumatlar yayma və ya onların özünün və ya yaxın qohumlarının əmlakını tələf etmə hədəsi ilə onların hər hansı hərəkətləri etməsini və ya etməməsini tələb etmə əməli sadəcə 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Halbuki buradakı cinayət 192-2.1 və 192-2.2-ci maddələrə görə daha ağır xarakterlidir. Həmin maddələrdəki cəzaları nisbətən ağır hesab etdiyim kimi, 192-2.4-cü maddədəki müəyyən olunan cəzanın da yüngül olduğunu düşünürəm.
Təklif edilən dəyişikliyin Qeyd hissəsinin 2-ci bəndi ilə bağlı da iki məsələni qeyd etmək istəyirəm. Burada qeyd olunur: “Bu Məcəllənin 192-2.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs bu barədə müvafiq dövlət orqanına könüllü məlumat verdikdə və ya bu əməli ona qarşı tətbiq edilən hədə-qorxu nəticəsində etdikdə cinayət məsuliyyətindən azad edilir”. Düşünürəm ki, bu daha çox 192-2.2-ci maddəyə uyğundur. Çünki necə ola bilər ki, şəxsi maraqları üçün manipulyasiya məqsədi ilə rüşvət verən şəxsə qarşı hədə-qorxu olmuş olsun. Bu bir qədər absurd görünür. Amma maddi və ya sair nemət, imtiyaz və ya güzəşt istənilməsi və ya alınması, yaxud bu barədə təklifin və ya vədin qəbul edilməsinə hədə-qorxu faktı aid edilə bilər. Odur ki, burada 192-2.1 yox 192-2.2-ci maddə qeyd oluna bilərdi. Bundan əlavə isə, maddənin özü insanda şübhə doğurur. Burada sanki rüşvət verən şəxsə xilas olmaq üçün bir yol açılır. Bu baxımdan mən bu bəndi düzgün hesab etmirəm. Xahiş edirəm qeyd edilən məsələlərə aydınlıq gətirilsin, layihə yenidən işlənsin”.
Milli Məclisin komitə sədri Əli Hüseynli bildirib ki, Elmira Axundovanın qaldırdığı məsələlər doğrudur və bu yalnışlıq aradan qaldırılacaq.
Elməddin