Azərbaycan prezidenti İlham Əliyev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembonu və Bankın Azərbaycan üzrə yeni təyin olunmuş ölkə meneceri Navid Həsəni qəbul edib.APA-nın məlumatına görə, Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Mersi Tembon Azərbaycan ilə Dünya Bankının yaxın tərəfdaşlıq əlaqələrinə malik olduqlarını deyib, ölkəmizlə uğurlu əməkdaşlığa görə dövlət başçısına minnətdarlığını ifadə edib.
M. Tembon dünyada neftin qiymətinin aşağı düşdüyü bir vaxtda ölkələrin iqtisadi çətinliklə üzləşdiklərini, buna baxmayaraq iqtisadi artımın mühüm olduğunu və bu baxımdan digər əlavə mənbələrin müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb. O, Dünya Bankının Azərbaycanı dəstəkləməyə hazır olduğunu qeyd edib, müxtəlif istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı sahəsində imkanları araşdırmağın zəruriliyini söyləyib.
Dövlət başçısı isə qeyri-neft sektorunun inkişaf etdirilməsinin çox mühüm əhəmiyyət daşıdığını bildirərək Azərbaycanda bu istiqamətdə böyük işlərin aparıldığını deyib.
Görüşdə Azərbaycanla Dünya Bankı arasında uzun illər uğurlu əməkdaşlığın həyata keçirildiyi məmnunluqla vurğulanıb, bu günədək magistral yolların çəkilməsi, su təchizatı və kanalizasiya xidmətləri, məcburi köçkünlərin yaşayış standartlarının yaxşılaşdırılması, ədliyyə sistemi və digər sahələrdə 50-dən artıq layihə üzərində iş aparıldığı və bu layihələrdən 40-nın uğurla reallaşdırıldığı qeyd olunub.
Söhbət zamanı ölkəmiz ilə Dünya Bankı arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.