Qazax rayonu, Çaylı kəndi ərazisində ağır yol qəzası baş verib. Kəpəz TV-nin məlumatına görə, qəza zamanı "Mercedes" markalı minik avtomobilin sürücüsü Oqtay Hüseynov idarəetməni itirib, maşın çevrilərək yol kənarına aşıb və yanmağa başlayıb.
Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub. Alov söndürülüb. Yanğın nəticəsində avtomobilin mühərrikinin və idarəetmə lövhəsinin yanar hissələri yararsız hala düşüb. Müxtəlif bədən xəsarətləri alan sürücü xəstəxanaya aparılıb, vəziyyəti orta-ağır qiymətləndirilir.
Hadisə zamanı maşında olan sərnişin 42 yaşlı Elşad Axundov isə aldığı ağır bədən xəsarətlərindən ordaca dünyasını dəyişib.
Polis faktla bağlı araşdırmalara başlayıb.
Qeyd edək ki, Oqtay Hüseynov Qazax bələdiyyəsinin sədri, Elşad Axundov isə Qazax Evlər İdarəsinin rəisidir.