Azərbaycanda keçmiş polis əməkdaşı qonşusunu bıçaqlayıb. Ucnoqta.az xəbər verir ki, hadisə Quba rayonunda baş verib. Belə ki, rayonun Mirzəqışlaq kənd sakini Sahil Məmmədov qonşusu, 1983-cü il təvəllüdlü Paşayev Bəhruz Sadiq oğlunun üzərinə qaynar su tökərək ona yanıq xəsarəti yetirib. B.Paşayev Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisədən xəbər tutan S.Məmmədovun qardaşı Məmmədov Vidadi Mahir oğlu xəstəxanaya gəlib və burada müayinə olunan B.Paşayevi bıçaqlayıb. Münaqişəyə səbəb S.Məmmədov və B.Paşayev arasındakı mübahisə olub.
Xəstəyə döş qəfəsinin hər iki tərəfin arxa səthinin kəsilmiş, didilmiş yaraları, sifətin, başın kəsilmiş yaraları, döş qəfəsinin ön səthinin termiki yanığı diaqnozu qoyulub. Onun vəziyyəti ağırdır. Faktla bağlı Quba Rayon Polis Şöbəsində (RPŞ) araşdırma aparılır.
Qeyd edək ki, Vidadi Məmmədov əvvəllər Quba RPŞ-də çalışıb. Lakin o, üç il əvvəl yol verdiyi nöqsanlara görə, işdən çıxarılıb.