Ağdaş rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Ucnoqta.az apa-ya istinadən xəbər verir ki, hadisə Ağdaş şəhərində qeydə alınıb.
Ağdaş Dövlət Hümanitar Kollecinin tarix müəllimi Rəcəb Vəliyev idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 2006-cı il təvəllüdlü Həsənov Mehdi Bəhruz oğlunu vurub.
Orta məktəbin 5-ci sinif şagirdi olan Mehdi Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyi nəticəsində uşağı xilas etmək mümkün olub. Hazırda məktəblinin uşaq travmatologiya şöbəsində müalicəsi davam etdirilir.
Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.