Azərbaycanda 2017-ci il üçün real iqtisadi artım 1,0% olmaqla ÜDM-in 61,4 mlrd. manat təşkil edəcəyi proqnozlaşdırılır. "Report" bu barədə İqtisadiyyat Nazirliyi tərəfindən 2017-ci il və sonrakı üç il üzrə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinə əsasən xəbər verir.
2018-2020-ci illər ərzində artım tendensiyasının davam edəcəyi və 2020-ci ildə ÜDM-in real artım tempinin 2,4% olacağı proqnozlaşdırılır.
Beləliklə, 2017-ci ildə ÜDM-in 61 419,6 mln. manat, 2018-ci ildə 63 769,7 mln. manat, 2019-cu ildə 67 673,9 mln. manat, 2020-ci ildə 70 539,0 mln. manat olacağı nəzərdə tutulur.
Qeyri-neft sektorunda ÜDM-in real ifadədə 2,5% artaraq 41,7 mlrd. manat olacağı proqnozlaşıdırılır. Özəl sektorun ÜDM-də payı 82,8% həcmində nəzərdə tutulur.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi 2017-ci ildə inflyasiyanın 7,3%, BVF isə 8,5% səviyyəsində olacağını proqnozlaşdırır.