Neft İxrac Edən Ölkələri Birliyi - OPEC-in sentyabrın 26-28-də Ələzairdə - Beynəlxalq Energetika Forumu çərçivəsində keçirilən qeyri-formal sammitində neft hasilatının bu ilin noyabr ayından etibarən azaldılmasına qərar verilib. "Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, OPEC üzvləri hasilatı 33,2 mln. barel/gündən 32,5-33 mln. barel/günə qədər azaltmağı planlaşdırır.
Təşkilat üzvlərinin gəldiyi razılığa əsasən, hasilatı hər bir ölkə azaldacaq.
OPEC-in Əlcəzair sammitinin rəhbəri Məhəmməd ben Saleh Əs-Sədanın sözlərinə görə, OPEC üzvlərinin hər birinin fərdi qaydada hasilat kvotasını təşkilatın daxilində yaradılacaq xüsusi komissiya müəyyənləşdirəcək. Bununla belə, artıq məlumdur ki, hasilatda ən çox azalma Səudiyyə Ərəbistanın payına düşür. Bu ölkə gündəlik hasilatı 442 min barel azaldacaq. İraq 135 min, Birləşmiş Ərəb Əmirlikləri 155 min barel azalmaya gedəcək. Liviya və Nigeriyanın isə neft hasilatının məhdudlaşdırılması gözlənilmir.
Xatırladaq ki, OPEC-in bundan əvvəl Qətərin paytaxtı Dohada keçirilmiş sammitində razılaşmaya mane olan İran hasilatını 3,7 mln. barel/gün ilə məhdudlaşdırmağa razılaşıb. Hazırda İslam Respublikası hasilatı bu səviyyəyə çatdırmaq üçün gündə daha 52 min barel neft hasil etməlidir.
Əlcəzair anlaşmasının bu ilin noyabr ayında Avstriyanın paytaxtı Vyanada keçiriləcək OPEC-in rəsmi sammitində təsdiqlənməsi gözlənilir. Bu görüşə Rusiya da daxil olmaqla digər böyük neft hasilatçısı olan ölkələr dəvət olunacaq və onlardan da hasilatı azaltmaları tələb ediləcək.
OPEC üzvlərinin görüşünün nəticəsi barədə xəbərin açıqlanmasından sonra, dünya bazarında "Brent" markalı neftin qiyməti 6%-ə yaxın artaraq 49 dollar/barelə çatıb. Hazırda isə qiymət 49,25 dollar/barel təşkil edir.