Cənubi Koreyanın "Asiana Airlines" aviaşirkətinə məxsus təyyarə baqaj hissəsində tüstülənmə səbəbindən havaya uçduğu Los-Anceles (Kaliforniya ştatı) hava limanına geri qayıdıb.
"Report" xəbər verir ki, bu barədə çərşənbə axşamı aeroport nümayəndələri məlumat veriblər.
Göyərtəsində 353 nəfərin olduğu avialayner Seul istiqamətində uçurmuş. Təyyarənin baqaj hissəsində tüstünün olmasına dair siqnal daxil olan kimi, heyət üzvləri ehtiyat tədbiri məqsədi ilə Los-Ancelesə qayıtmaq qərarına gəliblər.
Təyyarə hava limanına eniş etməzdən əvvəl bir neçə saat havada olub. Hazırda tüstülənmənin hansı səbəbdən baş verdiyi dəqiqləşdirilir. İnsident nəticəsində xəsarət alan olmayıb.