Mədəniyyət və turizm naziri Biləsuvarda vətəndaşlarla görüşüb

13:05 - 23 Sentyabr 2016 - Mədəniyyət

Sentyabrın 23-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Biləsuvar şəhərindəki Heydər Əliyev Mərkəzində Biləsuvar, Beyləqan, Neftçala, Salyan, Cəbrayıl və Xocavənd rayonlarından vətəndaşları qəbul edib.
Nazirliyin mətbuat xidmətindən ucnoqta.az-a verilən məlumata görə, g
örüşdən öncə nazir Heydər Əliyev Mərkəzinin qarşısında ümummilli liderin abidəsi önünə tər gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib, sonra mərkəzin ekspozisiyası ilə tanış olub.
Nazirliyin məsul işçilərinin iştirak etdikləri qəbulda səslənən müraciətlər yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyəti, kadr təminatı, tarixi-mədəni abidələrin təmir-bərpası, bölgələrdə turizmin inkişaf etdirilməsi və digər məsələlərlə bağlı olub.
Qəbula gəlmiş bütün vətəndaşları diqqətlə dinləyən nazir Əbülfəs Qarayev ayrı-ayrı müraciətlərlə bağlı müvafiq göstərişlər verib.
Nazir jurnalistlərə müsahibəsində bildirib ki, ölkə başçısının tapşırığı ilə hər ay yerlərdə təşkil olunan görüşlər zamanı vətəndaşlar tərəfindən maraqlı təkliflər, faydalı təşəbbüslər irəli sürülür. Belə canlı ünsiyyət bir sıra məsələlərin operativ həlli baxımdan çox vacibdir. Budəfəki görüşdə də aktual məsələlərə toxunulduğunu vurğulayan nazir mədəniyyət abidələrinin qorunması və bərpası, muzeylərdə ekspozisiyaların yenilənməsi ilə bağlı təkliflərin olduğunu deyib: “Digər qəbullarda olduğu kimi, budəfəki görüşümüz də göstərdi ki, insanlar yerlərdə mədəniyyətin və turizmin inkişafına həssaslıqla yanaşır, faydalı təkliflər irəli sürürlər. Bütün bunlar yerlərdə mədəniyyət və turizm sahəsində mövcud problemlərin həllinə müsbət təsir edir”.
Regionlarda turizmin inkişaf etdirilməsi ilə bağlı təkliflərin də nəzərdən keçiriləcəyini bildirən nazir vətəndaşların təşəbbüskarlığını təqdir edib. Bildirib ki, turizm sənayesinin inkişaf etdirilməsi Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir: “Turizm sənayesi Azərbaycanda sürətlə inkişaf edən və iqtisadiyyatın qeyri-neft sektoru sahəsində əsas prioritet istiqamətlərdən biridir. Sentyabrın 1-də Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam turizm sənayesinin yaxın gələcəkdə inkişaf istiqamətlərini müəyyən edən proqram sənəddir. Hazırda ölkəmizdə yeni turizm zonalarının yaradılması istiqamətində də mühüm işlər görülür. Ölkəmizin bu bölgəsinin də böyük turizm potensialı var. Bu zonada da turizmin inkişafı üçün atılan addımlar davam etdiriləcək".


Xəbər xətti