Bakı Apellyasiya Məhkəməsində tikintidə təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verən ölüm hadisəsində təqsirləndirilən Seymur Abbasovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, S.Abbasovun apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.
Belə ki, S.Abbasovun 8 il müddətinə azadlıqdan məhrumetmə cəzsı 3 il azaldılıb və 5 ilə endirilib.
Qeyd edək ki, S.Abbasov tikintidə inşaatçı olub. Onun inşa etdiyi binada baş verən bədbəxt hadisə nəticəsində ustalardan biri yıxılaraq ölüb. Zərərçəkmiş şəxsin hüquqi varisi məsələ ilə bağlı şikayət edib və S.Abbasovun təhlükəsizlik qaydalarına riayət etmədiyini deyib. Araşdırmalar zamanı o, Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham edilib.
Bu il may ayının 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Abbasov 8 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib. Hökmdən narazı qalan məhkumun müdafiəçisi və zərərçəkmiş şəxsin hüquqi varisi Günəş Quliyeva apellyasiya şikayəti verib.