Azərbaycana 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında qızıl medal qazandıran Radik İsayev MDB ölkələri arasında olimpiadada birinci yeri tutan ilk və yeganə taekvondoçudur. "Report"un məlumatına görə, bu barədə Dağıstan taekvondo yığmasının böyük məşqçisi Maqomed Abdullayev "RİA Dagestan"a açıqlama verib.
O, Azərbaycanı təmsil edən dağıstanlı taekvondoçular Radik İsayev və Patimat Abakarovanın "Rio-2016"dakı uğurlarından danışıb: "İsayevlə Abakarovanın çıxışlarını möhtəşəm adlandırmamaq mümkün deyil. Onlardan biri qızıl, digəri bürünc medal qazanılıb. Bizim taekvondoçular dünyanın ən yaxşılarındandır. Belə nəticəni yalnız arzulamaq olardı. Onlar bir çox olimpiya çempionları və məşhur idmançılar üzərində qələbə qazanıblar. Buna görə də hər iki taekvondoçunun medalları daha qiymətlidir".
M.Abdullayevin sözlərinə görə, olimpiadada taekvondoçuların uğur qazanmasına səbəb Azərbaycanda yaradılan şəraitdir: "Radik və Patimat Bakıda qəhrəman kimi qarşılandı. Bu ölkə bütün olimpiya tsikli ərzində onlara dəstək verdi, bizim taekvondoçuların qələbəsinə inandı. Bizim üçün də xoşdur ki, onlar ümidləri doğrultdular. İndi Rusiyada Radik və Patimata həsəd aparırlar. Vaxtilə bu cür idmançıları buraxdıqları üçün təəssüflənilər. Onlar Olimpiya Oyunlarında Rusiyanın himnini də səsləndirə bilərdilər. Burada həmin idmançılar üçün yığmanın heyətinə düşmək çətin idi. Məşqçilər onlara baxmırdı, ciddi yanaşmırdılar, dəstək vermirdilər. Onlar getdilər və özlərini sübut etməyi bacardılar. Rusiyada taekvondo üzrə olimpiya çempionu yoxdur, ancaq Azərbaycanda var. Üstəlik Radik MDB ərazisində yeganə olimpiya çempionudur".
Qeyd edək ki, Dağıstanda Bədən Tərbiyası və İdman Nazirliyinin 80 illiyi münasibətilə "Rio-2016"nın qalib və mükafatçılarının qarşılanma mərasimi keçiriləcək.