Bu gecə futzal üzrə Azərbaycan millisi Kolumbiyada keçirilən dünya çempionatında 1/8 final oyununa çıxacaq. "Report"un məlumatına görə, rəqib Tayland yığması olacaq.
İspaniya, İran və Mərakeş yığmalarının yer aldığı qrupdan ikinci yerin sahibi kimi mərhələ adlayan Azərbaycan Medellin şəhərindəki "Coliseo Ivan de Bedout" idman kompleksində 1/4 finala vəsiqə üçün yarışacaq. Miltinyonun rəhbərlik etdiyi komanda Mərakeşə 5:0 hesabı ilə qalib gəlib, İspaniya ilə oyunda 2:4 hesablı məğlubiyyət alıb və son oyunda İranla bərabərliyə razılaşıb - 3:3.
Tayland da Rusiya, Misir və Kuba futzalçıları ilə qrup mübarizəsində ikinci olaraq, 1/8 finala yüksəlib.
Qalib komanda 1/4 finalda Portuqaliya yığması ilə qarşılaşacaq. Portuqaliya 1/8 finalda Kosta Rika yığması üzərində 4:0 hesablı qələbə qazanıb. Yarımfinalçını müəyyənləşdirəcək qarşılaşma Bakı vaxtı ilə sentyabr 26-da gecə saat 03:00-da olacaq.
Dünya çempionatı, 1/8 final oyunu
02:30. Tayland - Azərbaycan
Medellin. "Coliseo Ivan de Bedout"
Hakimlər: Fernando Qutyerres Lumbreras (İspaniya), Jianqiao Liu (Çin), Reks Kamusu (Solomon adaları).