Bunu sentyabrın 19-da Heydər ƏliyevFondunun təşkilatçılığı ilə Parisdə “Azərbaycan şəhərciyi”nin rəsmi açılış mərasimində çıxışı zamanı Azərbaycanın birinci xanımı Mehriban Əliyeva deyib.
Heydər Əliyev Fondunun prezidenti tədbir iştirakçılarını salamlayaraq bu layihənin iki xalqın bir-birini daha dolğun tanımasına xidmət etdiyini vurğulayıb:
"Parisin rəmzinə çevrilmiş Eyfel qülləsinin yanında yerləşən Jofr meydanında “Azərbaycan şəhərciyi”nin açılışında sizin hər birinizi səmimi qəlbdən salamlayıram. Bu axşam bizimlə bərabər olduğunuza görə sizə dərin minnətdarlığımı bildirirəm. Artıq üç ildir ki, Parisdə bu layihə uğurla həyata keçirilir və ölkələrimiz arasında mövcud dostluq əlaqələrinin möhkəmlənməsinə və xalqlarımızın bir-birini daha dolğun tanımasına xidmət edir. Parisin 6-cı və 1-ci rayonlarından sonra “Azərbaycan Şəhərçiyi” Fransa paytaxtının ən gözəl rayonlarından biri olan 7-ci rayonda qonaqlara öz qapısını açır.
Mən şəhərciyin hazırlanmasında və həyata keçirilməsində əməyi olan hər bir insana, xüsusilə də Parisin 7-ci rayonunun meri, bizim əziz dostumuz Raşida xanım Datiyə və meriyanın bütün əməkdaşlarına dərin minnətdarlığımı bildirirəm. Onu da qeyd etmək istərdim ki, 5 il bundan əvvəl, hələ 2011-ci ildə Heydər Əliyev Fondu Fransada öz fəaliyyətinə başlayanda və Azərbaycana dair tədbirlər keçirəndə məhz Raşida xanımın təşəbbüsü ilə bizim ilk tədbirlərimizdən biri - həm sərgi, həm konsert məhz Parisin 7-ci rayonunun meriyasında keçirilmişdi. Bu əməkdaşlığa görə xanım Dati sizə dərin minnətdarlığımı bildirirəm və ümidvaram ki, bu gün açılan “Azərbaycan şəhərciyi” yenə də bura gələn qonaqlar tərəfindən böyük maraqla qarşılanacaq və ölkəmiz haqqında məlumat almaq üçün gözəl bir fürsətə çevriləcək".
O, Azərbaycanın bu il öz müstəqilliyini bərpa etməsinin 25 illiyini qeyd etdiyin idiqqətə çatdırıb:
"Bu illər ərzində Azərbaycan bir çox nailiyyətlərə imza atıb. Bu gün Azərbaycan regionun aparıcı dövlətidir. Cənubi Qafqazda həyata keçirilən bütün irimiqyaslı layihələr Azərbaycanın iştirakı ilə, çox zaman Azərbaycanın təşəbbüsü ilə həyata keçirilir. Bu gün Azərbaycanda bütün sahələrdə sürətli inkişaf gedir. Biz təbii sərvətlərimizə, imkanlarımıza və ən əsası isə xalqımıza arxalanaraq bu nailiyyətləri əldə edirik və irəli gedirik.
Əsrlər boyu Azərbaycanda müxtəlif dinlərin, millətlərin və mədəniyyətlərin nümayəndələri sülh şəraitində bir ailə kimi yaşayıb. Bu gün də bu ənənələr qorunub saxlanır. Bu gün Azərbaycan dözümlülük və tolerantlıq məkanı kimi dünyada tanınıb. Biz tariximizə, dinimizə, mədəniyyətimizə böyük hörmət bəsləyərək dünya mədəniyyəti müxtəlifliyinə və dünyanın digər dinlərinə və mədəniyyətlərinə böyük hörmətlə yanaşırıq. Məhz qarşılıqlı hörmət, dözümlülük, tolerantlıq prinsiplərinə əsaslanaraq bəşəriyyət bu gün üzləşdiyi ksenofobiya, ayrı-seçkilik, radikalizm və terrorizm kimi dəhşətli bəlalara qarşı mübarizə apara bilər".
Birinci xanım fürsətdən istifadə edərək hər bir azərbaycanlının adından Fransa xalqına və terror qurbanlarının yaxınlarına dərin hüznlə başsağlığı verib:
"Mən bu fürsətdən istifadə edərək bu səhər Fransa Prezidentinin iştirakı ilə keçirilən və terror qurbanlarının xatirəsinə həsr olunmuş mərasimə ehtiramımı bildirirəm və bir daha öz adımdan və hər bir azərbaycanlının adından Fransa xalqına və terror qurbanlarının yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Terrorizmin nə dini, nə milləti var və bu bəlanı həyatımızdan qaldırmaq üçün biz gərək birlik nümayiş edək".
Mehriban Əliyeva bildirib ki, Azərbaycan bu gün Fransa ilə əməkdaşlığa böyük əhəmiyyət verir. O, ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin dinamik şəkildə inkişaf etməsində məmnunluğunu bildirib.
"Həm dövlət, həm qeyri-dövlət qurumları, ictimai qurumlar arasında əlaqələr qurulur və ikitərəfli münasibətlər möhkəmlənir. Təkcə son 5 il ərzində Fransanın və Azərbaycanın müxtəlif şəhərləri, regionları arasında 13 qardaşlaşma sazişi imzalanıb. Bu proses nəticəsində regionlar arasında həm mədəni, həm iqtisadi əlaqələr qurulur. Azərbaycanda 50-dən çox fransız şirkəti fəaliyyət göstərir. Azərbaycan Fransanın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı kimi qalır. Azərbaycanın ən ağır problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində də Fransa fəal iştirak edir. Azərbaycan xalqı bunu çox yüksək qiymətləndirir. Ümidvaram ki, gələcəkdə də Fransa münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində, sülh və ədalət yolu ilə həllində öz səylərini göstərəcək, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını, suverenliyini dəstəkləməkdə davam edəcək", - deyə Heydər Əliyev Fondunun prezidenti əlavə edib.
Yüzlərlə azərbaycanlı tələbə Fransanın ali məktəblərində təhsil aldığını qeyd edən birinci xanım, iki ölkə arasında humanitar sahədə əməkdaşlığın tamamilə yeni bir səviyyəyə qaldırılmasından məmnunluğunu ifadə edib.
"Fransanın Dövlət Şərq Dilləri və Mədəniyyətləri Universitetində Azərbaycan dili fakültəsi fəaliyyət göstərir. Müluz şəhərinin Yuxarı Alzas Universitetində Nizami Gəncəvi adına Azərbaycanşünaslıq kafedrası açılıb.
Təməli Azərbaycan Prezidenti İlham Əliyev və Fransa Prezidenti Fransua Olland tərəfindən qoyulmuş Fransız liseyi bu gün artıq Bakıda ən qabaqcıl təhsil ocaqlarından birinə çevrilib. Çox şadam ki, bu ilin sentyabrında Bakıda Azərbaycan-Fransız Universiteti fəaliyyətə başlayıb.
Mən əminəm ki, humanitar sahədə, mədəniyyət sahəsində əlaqələr bizim xalqlarımızı bir-birinə daha yaxın edir, daha yaxşı tanıdır və Fransa–Azərbaycan əməkdaşlığının, Fransa-Azərbaycan münasibətlərinin güclənməsinə xidmət edir. Məhz ona görə biz belə layihələri Fransada həyata keçirməyə çalışırıq ki, ölkəmizi tanıdaq. Mən bir daha bu işdə bizə dəstək olan hər bir insana dərin minnətdarlığımı bildirirəm.
Sonda ümidvar olduğumu bildirirəm ki, bizim burda çalışıb yaratdığımız Azərbaycan mühiti sizin qəlbinizdə xoş duyğular oyadacaq və ölkələrimiz arasında növbəti körpüyə çevriləcək", - deyə Mehriban Əliyeva vurğulayıb.