"Müsəlman ölkəsi kimi din məsələsi ilə bağlı hansı siyasətin yürüdüləcəyinə təkcə siyasətçilər deyil, alimlər də mövqelərini bildirməlidirlər. Alimlər dini tədqiqatlarla fikirlərini irəli sürməlidir ki, dövlət həmin tədqiqatlara söykənərək dövlət-din münasibətlərində siyasətini qura bilsin".
Bunu “Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfransda Dini Qurumlarla İş üzrə Dövlət sədri Mübariz Qurbanlı deyib. M. Qurbanlı qeyd edib ki, son 15 ildə dünyanın müxtəlif bölgələrində baş verən toqquşmalar zaman 2,5 milyon insan ölüb və insan itkiləri davam edir: "Bu toqquşmalar arasında dini zəmində - məzhəblərarası toqquşmalar da var. Din pərdəsi altında ayrı-ayrı terror qruplarının dünyanın müxtəlif ölkələrində böyük faciələrə səbəb olan terror hadisələri törətdiyini görürük. Son 15 ildə 170 min insan dini zəmində terror aktları nəticəsində həlak olub. Bu terror aktlarının 75 faizi müsəlman ölkələrində törədilib. Terror aktlarının yalnız 2 faizi Qərbi Avropa və ABŞ-da baş verib".