Cari ilin yanvar-avqust aylarında əhali Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) elektron xidmətlərindən 4 061 039 dəfə faydalanıb. ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu dövrdə "Elektron hökumət" portalına müraciətlərin 34 faizi nazirliyin e-xidmətlərinə yönəlib.
ƏƏSMN-nin "Elektron hökumət" portalı üzərindən təqdim etdiyi elektron xidmətlərdən istifadə sayı cari ilin iyul ayı ilə müqayisədə avqust ayında 6,2 faiz artaraq 468 113-ə çatıb.
Avqust ayında nazirliyin e-xidmətlərindən ən çox müraciət olunanı “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidməti olub. Ötən ay vətəndaşlar bu e-xidmətdən iyul ayı ilə müqayisədə 15,6 faiz çox, yəni 153 103 dəfə faydalanıblar. “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” e-xidməti də istifadə göstəricisinin mütəmadi artması ilə seçilir. Həmin e-xidmətdən istifadə sayı 25 494 olub ki, bu da iyul ayına nisbətən 31 faiz çoxdur. Eləcə də müraciətlərin sayı “Uşağın anadan olmasına görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” e-xidməti üzrə 28,2 faiz, “Hamiləliyə və doğuma görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” e-xidməti üzrə 14 faiz, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidməti üzrə 6,6 faiz çoxalıb.
Sosial sığorta sahəsi üzrə e-xidmətlər də istifadəçi kontingentinin mütəmadi artımı ilə diqqəti cəlb edir. Onlardan “Sığortaolunanın onlayn uçota alınması” e-xidməti işəgötürənlərə birbaşa elektron qaydada müraciət etməklə sığortaolunan işçiləri üçün hər hansı sənədə ehtiyac olmadan sosial sığorta şəhadətnaməsini rəsmiləşdirmək imkanı verir. Həmin e-xidmətə müraciətlərin sayında ötən ay 17,7 faiz, habelə “Sığortaolunanlara məlumatların verilməsi” e-xidmətindən istifadədə 5,2 faiz artım qeydə alınıb. “İş yerinə dair arayış”, “Pensiya kalkulyatoru”, “Pensiya təyinatı və pensiya növünün dəyişdirilməsi üçün müraciətin və sənədlərin qəbulu” e-xidmətlərinə müraciətlərin sayı da çoxalıb.
Nazirliyin “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi”, “Uşağın üç yaş tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi”, “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi”, “Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi”, “İşsizlik müavinətinin məbləğinin hesablanması kalkulyatoru”, “Dövlət sosial sığorta şəhadətnaməsinin dəyişdirilməsi və ya dublikatının verilməsi üçün müraciətin qəbulu” e-xidmətlərindən də vətəndaşlar fəal şəkildə yararlanırlar.
Qeyd olunanlarla yanaşı, nazirliyin “Pensiyaçıya məlumatların verilməsi”, “Sosial müavinətlərin və təqaüdlərin hesablanması üzrə sosial kalkulyator”, “Dəfn üçün müavinətin ödənilməsi ilə bağlı müraciətin və sənədlərin qəbulu”, “Sığortaedənin (fiziki şəxs) onlayn uçota alınması”, “Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi”, “Sığortaedənin (hüquqi şəxs) onlayn uçota alınması”, “Pensiya təyinatı və pensiya növünün dəyişdirilməsi üçün müraciətin və sənədlərin qəbulu”, “Ailə kəndli təsərrüfatının onlayn uçota alınması”, “Kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxsin onlayn uçota alınması” e-xidmətləri də vətəndaşların istifadəsindədir.
Son günlərdə isə nazirlik tərəfindən daha bir e-xidmət -“İstehsalatda baş verən bədbəxt hadisə barədə aidiyyəti dövlət strukturuna məlumatların verilməsi” e-xidməti də əhalinin istifadəsinə təqdim olunub. Bununla da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əhaliyə təqdim etdiyi e-xidmətlərin sayı 29-a çatıb ki, bu da aidiyyəti fəaliyyət sahələri üzrə əhaliyə müasir və şəffaf xidmətlər sisteminin qurulmasına imkan verib.
Ümumilikdə cari ilin yanvar-avqust aylarında əhali nazirliyin elektron xidmətlərindən 4 061 039 dəfə faydalanıb. Bu dövrdə "Elektron hökumət" portalına müraciətlərin 34 faizi, o cümlədən avqust ayı üzrə 29 faizi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinə yönəlib.