Rusiya prezidenti Vladimir Putin ABŞ Demokrat Partiyasının serverlərinə haker hücumunda Rusiyanın əlinin olmadığını bildirib.
V.Putin “Bloomberg”ə müsahibəsində bu haqda heç bir informasiyaya malik olmadığını vurğulayıb: “Rusiya dövlət səviyyəsində bu cür işlərlə məşğul olmur”.
V.Putin haker hücumunun müəlliflərini müəyyənləşdirməyin mümkünlüyünə şübhə etdiyini də söyləyib. O qeyd edib ki, hakerlər indi çox incə və həssas şəkildə işləyir: “Bu, yoxlanılması çox çətin olan məsələdir, ümumiyyətlə, əgər yoxlamaq mümkündürsə...”
Rusiya prezidentinin fikrincə, Demokrat Partiyasının serverlərinə haker hücumu ilə bağlı məsələnin vacib tərəfi bu hücumu kimlərin həyata keçirdiyi yox, açıqlanan məlumatların məzmunudur: “Əslində müzakirələr bu yöndə getməlidir. İctimaiyyətin diqqətini problemin mahiyyətindən yayındırmaq lazım deyil”.
Xatırladaq ki, iyul ayında “WikiLeaks” ABŞ Demokrat Partiyası Milli Komitəsinin üzvlərinin yazışmalarını yayıb. Yazışmalardan bəlli olur ki, komitə üzvləri partiyadaxili ilkin seçki yarışında Hillari Klintonun rəqibi Berni Sandersin nüfuzunu aşağı salmağa çalışıblar. Avqust ayında isə “Guccifer 2.0” nikli haker Demokrat Partiyası daxilində Konqres seçkilərinə hazırlıqla bağlı sənədlər yayıb. Hillari Klinton haker hücumlarında Rusiya xüsusi xidmət orqanlarının əli olduğunu bəyan edib.