Bu il 85 yaşını qeyd edən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı özünün yubiley mövsümünə başlayır. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 1-də teatrda keçirilən iclasda yeni mövsüm, hazırlanacaq tamaşalar, ümumilikdə nəzərdə tutulan yaradıcılıq planları müzakirə olundu.
Tədbirdə giriş sözü ilə çıxış edən teatrın direktoru Rəşad Əhmədzadə yeni mövsüm münasibətilə kollektivi təbrik etdi və yaradıcılıq uğurları arzuladı. Bu mövsümün ümumilikdə milli teatrımız üçün məhsuldar və yaradıcılıq uğurları ilə zəngin keçməsini dilədi.
Ötən mövsümün uğurlu tamaşa və qastrol səfərləri, müxtəlif festivallardan mükafatlarla yadda qaldığını deyən teatr direktoru istirahət müddətində də bu fəaliyyətin davam etdiyini bildirdi. Belə ki, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı ölkə teatrları arasında bir ilkə daha imza ataraq teatrın “YouTube” səhifəsini internet istifadəçilərinin ixtiyarına verdi.
Teatrın yeni mövsümə sentyabrın 9-da start verəcəyini deyən R. Əhmədzadə həmin gün iki tamaşanın nümayiş olunacağını bildirdi. Belə ki, ilk olaraq Abdulla Şaiqin "Tıq-tıq xanım" pyesinin motivləri əsasında teatrın baş rejissoru Qurban Məsimovun səhnələşdirdiyi və quruluş verdiyi "Tıq-tıq və Taq-taqın nağılı", daha sonra isə Rus xalq nağılı əsasında səhnələşdirilən “Qoğal” tamaşaları (rus dilində) nümayiş olunacaq.
Bundan başqa, teatr 15-24 sentyabr tarixlərində “Üç məkan” II Şəki Beynəlxalq Teatr Festivalında da təmsil olunacaq. Teatr burada son uğurlu səhnə nümunələrindən olan “Zəng” adlı mono tamaşa ilə iştirak edəcək.
Çıxışında ilin sonunadək daha iki yeni səhnə əsərinin nümayiş olunacağını da dedi. Belə ki, teatrın baş rejissoru Qurban Məsimovun quruluşunda Ş. Perronun “Qırmızıpapaq” və rejissor Anar Məmmədovun quruluşunda S. Sveyqin “Yad qadının məktubu” əsəri əsasında “Unudulmuş kukla” adlı mono tamaşanın təqdim olunacağını bildirdi. O, artıq hər iki tamaşanın məşqlərinin getdiyini də dedi.
Direktor çıxışının sonunda son vaxtlar səhhəti ilə əlaqədar ciddi problemlər yaşayan teatrın aktyoru Rəhim Rəhimovla da bağlı məlumat verdi. Artıq Heydər Əliyev Fondunun aktyorun müalicəsinə dəstək verdiyini dedi və ona şəfa dilədi.
Kollektiv qarşısında ürək sözlərini bölüşən aktyor Rəhim Rəhimov isə onun müalicə məsələlərinə dəstək verən hər kəsə təşəkkür etdi.
Teatrın baş rejissoru Qurban Məsimov da yeni mövsümün məhsuldar olması üçün qarşıda duran vəzifələrdən danışdı və yaradıcı kollektivə yeni sənət uğurları arzuladı.