Ölkəyə avtomobil gətirənlər siyahıya salınacaq

11:34 - 31 Avqust 2016 - ÖLKƏ İÇİ

Nazirlər Kabineti “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili Qaydaları”nda dəyişikliklər edib.

Bu Qayda “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin (İAMAS) altsistemlərinin istismarı, informasiya resurslarının formalaşdırılması, uzlaşdırılması və istifadəsi, onun istismarına proqram-texniki dəstək, təhlükəsizlik və inkişaf tədbirləri üzrə kompleks prosedurları müəyyən edir.
Xüsusi təyinatlı dövlət informasiya resursu olan İAMAS “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə” ilə müəyyən edilmiş qaydada birgə formalaşdırılan və istifadə edilən paylanmış informasiya resurslarından, bu resursları və təminat vasitələrini qarşılıqlı istifadə edən altsistemlərdən, müvafiq lokal seqmentlərdən və ya kompyuterləşdirilmiş ayrı-ayrı işçi yerlərindən ibarətdir.
Dəyişiklik İAMAS çərçivəsində yeni altsistem- “Sərhədkeçmə zamanı xüsusi diqqət” altsistemi yaradılmasını nəzərdə tutur.  
Sərhədkeçmə zamanı xüsusi diqqət “Sərhədkeçmə” informasiya resursunda məlumat yaradan altsistemlərdən biridir. “Sərhədkeçmə zamanı xüsusi diqqət” altsistemi vasitəsilə gömrük qanunvericiliyi ilə müəyyən olunmuş qaydada nəqliyyat vasitələrini və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulan malları Azərbaycan  ərazisinə müvəqqəti gətirən və ya bu ərazidən müvəqqəti aparan fiziki şəxslər barədə məlumatlar “Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısı”na daxil edilir.  
Bu altsistem sərhədkeçmə nəzarəti zamanı aparılması məcburi olan əvvəllər gətirilmiş nəqliyyat vasitələrinin və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulan malların Azərbaycan gömrük ərazisindən kənara aparılmamasına görə inzibati xəta haqqında iş üzrə icraata gömrük orqanları tərəfindən başlanılması üçün bu tələbləri pozan fiziki şəxsin sərhəd keçməsinə icazə verilməməsi və şəxsin sərhəd keçməsinə aidiyyəti dövlət orqanı tərəfindən nəzarətin təmin edilməsi məqsədləri üçün istifadə edilir.
“Sərhədkeçmə zamanı xüsusi diqqət” Azərbaycana gələn əcnəbilər və Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxslər barədə məlumat yaradan altsistemlər, o cümlədən əcnəbilər barədə məlumat təminatını həyata keçirən altsistemlər sırasına daxil edilib. 
“Sərhədkeçməyə məhdudiyyət siyahısı” informasiya resursundan məlumat alan və bu resursa məlumat təqdim edən informasiya sistemi sırasına Azərbaycan Respublikası gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sistemi daxil edilib. Əvvəl bu informasiya sisteminə yalnız Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi daxil olub. 
Nəqliyyat vasitələrini və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulan malları Azərbaycan ərazisinə müvəqqəti gətirən və ya bu ərazidən müvəqqəti aparan fiziki şəxslər, onların nəqliyyat vasitələri və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulan mallar haqqında məlumatlar “Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısı”na daxil ediləcək və müvafiq əsaslar aradan qalxdıqda, məlumatların aktiv statusu dəyişdiriləcək.
Müvafiq olaraq Dövlət Gömrük Komitəsi İAMAS çərçivəsində “Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısı”na məlumatlar daxil edəcək və “Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısı”nın məlumatlarından istifadə edəcək.

Xəbər xətti