Xalq artisti Oqtay Zülfüqarov vəfat edib

11:15 - 31 Avqust 2016 - ÖLKƏ İÇİ

Azərbaycanın məşhur uşaq bəstəkarı, Azərbaycan SSR-nin əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının xalq artisti Oqtay Zülfüqarov 87 yaşında vəfat edib.

Bu barədə Azərbaycan Bəsətkarlar İttifaqından məlumat verilib.
Hazırda Mədəniyyət və Turizm Nazirliyi nekroloq hazırlayır.
Allah rəhmət eləsin!
Xatırladaq ki, Oqtay Qədir oğlu Zülfüqarov 1929-ci ildə hakim ailəsində dünyaya gəlib. 1945-ci ildə 1 saylı Musiqi Məktəbinin violoncel sinfinə qəbul olunan Oqtay yeddi illik musiqi məktəbini iki ilə başa vurub, A.Zeynallı adına Musiqi Məktəbində təhsilini davam etdirib. Evdə pianosu olmadığından, o, gecələr sinifdə yaradıcılıqla məşğul olub respublikada keçirilən mahnı müsabiqələrində mükafatlar alıb. Bir müddət Dövlət Konservatoriyasının violoncel sinfində oxuyub, sonra imtahansız professor Qara Qarayevin bəstəkarlıq sinfinə qəbul olunub.
1957-ci ildə üçüncü kursda oxuyarkən Azərbaycan bəstəkarlarının qurultayında gənc bəstəkarın fortepiano triosu uğur qazanıb. 1958-ci ildə Qara Qarayevin sinfini uğurla başa vuran Oqtay Zülfüqarov müəlliminin məsləhəti ilə uşaqlar üçün silsilə mahnılar yaratmağa başlayıb. Eyni zamanda o, ‘‘Qız-ulduz‘‘, ‘‘Pişik və Sərçə‘‘ və ‘‘Meşə nağılı‘‘ operalarını da yazıb. ‘‘Şəngülüm, Şüngülüm və Məngülüm‘‘ adlı musiqili komediya, violoncel və fleyta üçün konsertlər, simfonik poemalar, kantatalar, dörd simfoniya, instrumental pyeslər, teatr və kino üçün musiqi yazan bəstəkarın böyük simfonik orkestr üçün yaratdığı ‘‘Şənlən mənim xalqım‘‘ uvertürası 1962-ci ildə Moskvada laureat adına layiq görülüb.
2010-2012 illərdə O.Zülfüqarov ‘‘Məlik Məmməd‘‘ nağılı əsasında uşaqlar üçün ‘‘Sehrli alma‘‘ iki hissəli balet, ‘‘Tumurcuq‘‘ və ‘‘Aysel‘‘ Mahnı Uşaq Teatrının bədii rəhbəri Tamilla Babayeva və Vidadi Xəlilovla birgə II və V siniflər üçün musiqi dərslikləri yazıb.
Uzun illər ‘‘Tumurcuq‘‘ və ‘‘Aysel‘‘ Uşaq Mahnı Teatrı Oqtay Zülfüqarovun rəhbərliyi altında Azərbaycan Dövlət Televiziyasında verlişlər hazırlamışdır. Musiqi ilə yanaşı bəstəkar həm də şeirlər yazıb və onlar ‘‘Oxuyur Aysel‘‘ adlı topluda işıq üzü görüb. 1972-ci ildə Azərbaycan incəsənət xadimi, 2000-ci ildə Xalq artisti adına layiq görülüb, 2009-ci ildə ‘‘Şöhrət ordeni‘‘ ilə təltif edilib. Prezident təqaüdçüsü olan bəstəkar Oqtay Zülfüqarov Dövlət Uşaq Filarmoniyasının bədii rəhbəri idi.

Xəbər xətti