Norveçin "Statoil" şirkətinin baş direktoru (CEO) Eldar Setre Türkiyənin Trakya bölgəsində təbii qaz ehtiyatlarının tapıldığını və araşdırmaların nəticələrinin etibarlı olduğunu bildirib. "Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, E.Setre Norveçin Stavanger şəhərində keçirilən Beynəlxalq Enerji Konfransında (ONS) "Anadolu" agentliyinə verdiyi müsahibəsində qeyd edib ki, bölgədəki ehtiyatlar nəinki "Statoil", həmçinin Türkiyənin mənafelərinə xidmət edəcək.
"Statoil"un rəhbəri qeyd edib ki, Trakya bölgəsində kanadalı ortaqları - "Valeura" şirkəti ilə çalışmalar davam etdirilir. O, Trakyanın Tekirdağ rayonunda yerləşən "Banarlı" qaz sahəsində kəşfiyyat işlərinin davam etdirildiyini vurğulayıb. E.Setre bölgədə iki böyük quyuda qazma işləri ilə yanaşı, 3D seysmik kəşfiyyat işlərinin aparıldığını xatırladıb.
Perspektiv strukturda aparılan kəşfiyyat işləri 540 kv. km sahəni əhatə edir. "Valeura" ilə "Statoil" bu ilin mayın 16-da Trakyada qaz ehtiyatları kəşfiyyatına başlamaq məqsədi ilə iki bölgə üçün lisenziya alıb və buradakı quyulardan birində gələn ilin əvvəllinə qədər qaz hasil olunacağını bəyan edib.